Brent markalı xam neftin qiyməti 5 maydan bəri ilk dəfə bir barel üçün 110 dolları keçib.
Yaxın Şərqdəki geosiyasi gərginlik səbəbindən Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 5 maydan bəri ilk dəfə bir barel üçün 110 dolları keçib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Brent markalı neftin qiyməti 1,91% artaraq barel üçün 111,35 dollara çatıb, sonra bir qədər azalaraq 110 dollarda sabitləşib.
Bahalaşmaya son günlər Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi səbəb olub. Belə ki, mayın 16-da ABŞ-ın Enerji Katibi Kris Rayt Hörmüz boğazının 2026-cı ilin yayından gec olmayaraq açılacağını bildirib. O, İranın "qlobal iqtisadiyyatı girov saxlamağa davam edəcəyi təqdirdə, ABŞ ordusunun dəniz yolunu zorla açacağını" qeyd edib.
Mayın 15-də isə «The New York Times» qəzeti öz mənbələrinə istinadən İsrail və ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatların yenidən başlamasına hazırlaşdığını bildirib.
Aprelin 30-da isə İranın Ali Lideri Müctəba Xamenei bildirmişdi ki, İslam Respublikası Fars körfəzi və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırır. O, Tehranın Amerikanın iştirakı olmadan təhlükəsizliyi təmin etmək niyyətində olduğunu vurğulayıb.













