Azərbaycana qeyri-qanuni yolla kosmetika və parfümeriya malları idxal olunur. Bu barədə FED.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyub Hüseynov bildirib. Onun sözlərinə görə, qanunsuz idxal edilən parfümlər ölkəyə müxtəlif yollarla gətirilir və «Sədərək» Ticarət Mərkəzindəki topdansatış mağazaları vasitəsilə digər şəbəkə və mağazalara yayılır.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyinə rəsmi məktublar ünvanlayan E.Hüseynov, bu məsələnin indiyədək həllini tapmadığını bildirib.
Birlik sədrinin sözlərinə görə, ölkəyə qanunsuz idxal edilən saxta mallar məşhur brendlərin adı altında əsasən Çindən gətirilir. Onların əsl qiyməti brendlərdən qat-qat aşağı olsa da, mağazalarda brend mal adı altında baha qiymətə müştərilərə satılır.
Eyyub Hüseynov bildirir ki, saxta kosmetika və parfümeriya malları ölkəyə gətirilməsi üçün maraqlı üsuldan istifadə edilir:
«Bu zaman ölkəyə 2 cür mal gətirir – bunların bir hissəsi qanuni istehsal olunmuş mallar, digər hissə isə eyni etiketli, amma mənşəyi bilinməyən, harda gəldi-necə gəldi hazırlanan mallar saxta mallardır.
Belə satıcılar istehlakçıları və dövlət orqanlarını aldatmaq üçün Azərbaycana qanuni mal idxal edənlərdən kiçik miqdarda mal alıb, onlardan sertifikat götürüb, öz saxta mallarını bu sertifikat adı altında satırlar».
Birlik sədri saxta malları idxal edən obyektləri də açıqlayıb. Onun təqdim etdiyi məlumatlara görə, bu fəaliyyətlə məşğul olan şirkətlər «Sədərək» Ticarət Mərkəzinin Şirniyyat Bazarı adlanan ərazisində yerləşir.
Bunlar:
«Parfümeriya və kosmetika» - «Sədərək» TM, Şirniyyat bazarı, 1-ci zona, sıra 8, mağaza 15
«AVON» - «Sədərək» TM, Şirniyyat bazarı, 1-ci zona, sıra 9, mağaza 22
«Tutti kosmetika və parfümeriya» - «Sədərək» TM, Şirniyyat bazarı, 2-ci zona, sıra 10, mağaza 57
«Tutti kosmetika və parfümeriya» - Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 148, «İnşaatçılar» metro stansiyasının çıxışının yanında.
Birliyin araşdırmalara göstərib ki, saxta kosmetika və parfümeriya malları ölkəyə orijinala nisbətən qat-qat ucuz qiymətə ölkəyə gətirilir. Bəzi malların saxtası və orijinalı arasında qiymət fərqi 5-10 dəfəyə çatır.
Məsələn, Pupa firmasından olan “Luminys Baked Face Powder” kosmetikası «Sabina» mağazalar şəbəkəsində 16 manata (endirimlə 14.20 manat), «Sədərək» ticarət mərkəzində orginal qiyməti 13,60 manata satıldığı halda, onun elə «Sədərək»dəki saxta Çin versiyası 4 manatdır. «Loreal» firmasından olan «İnfail fdt new» «Sabına» mağazalar şəbəkəsində 22,50 manata (endirimlə 13.40), «Sədərək» ticarət mərkəzində orginal məhsul 14,80 manata (Rusiya istehsalı) satıldığı halda, «Tuti mağazasında 13,50 (avropa istehsalı), «Sədərəkdə» saxta Çin istehsalı olan isə 3 manatdır.
Bundan başqa, mağazada 12 manata satılan kosmetikanın saxta variantı «Sədərək» TM-də topdansatışda 2,5 manata, mağazada 19,2 manata satılan kosmetikanın saxta variantı 4 manata, mağazada 18,8 manata atılan kosmetikanın saxtası 3 manata, 13,5 manata satılan kosmetik vasitənin saxta variantının qiyməti isə 2 manata, orijinalı 33 manata təklif olunan malın saxta variantı isə topdansatışda 3 manata satılır (Ətraflı şəkildəki cədvəldə).