Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, sürüşmə sahəsində nisbi stabil vəziyyət hökm sürür.
Onun sözlərinə görə, sürüşmə sahəsində ekspedisiyanın əməkdaşları tərəfindən buruq-qazma işlərinə başlanılacaq: “Oradan 80 faizdən çox süxur nümunələri çıxarılacaq və süxurların fiziki xüsusiyyətləri öyrəniləcək. Həm də sürüşmə müstəvisi müəyyənləşdiriləcək”.
Bunların əsasında ümumi məlumatın hazırlanacağını vurğulayan ekspedisiya rəisi qeyd edib ki, ərazinin topoqrafik xəritəsi hazırdır.
Qeyd edək ki, sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.