Ölkədə işədüzəltmə şirkətlərinə müraciət edib iş və ya işçi axtaranların sayı eyni olsa da, maaş tələbləri dəyişib. Ötən il olduğu kimi bu ildə də sürücü və mühafizəçi daha çox tələb olunan işçilər olsa, xanım işçilərə daha çox üstünlük verilir. FED.az əhalinin böyük marağını nəzərə alaraq iş elanlarını və işçilərə qoyulan tələbləri araşdırıb.
Əsasən 35 yaşa qədər xanım işçi axtarırlar
İşədüzəltmə şirkətləri ilə apardığımız sorğuda məlum oldu ki, hər zaman olduğu kimi bu il də daha çox xanım işçi axtarırlar. Menecerlər deyirlər ki, şirkətlərin tələbinə görə, ofis daxili işlərə dəvət olunan xanımların yaşı maksimum 35 olmalıdır. Xanım işçilər üçün demək olar ki, yaş limiti yoxdur. Bu mənada orta yaşlı xanımlar da işsiz qalmırlar. Belə ki, onlara daha çox dayə, xadimə, aşpaz, şirniyyat sexində və ev işlərində üstünlük verilir.
Qısqanc ailə başçıları yaşlı sürücüyə üstünlük verir
İşədüzəltmə şirkətlərinin məlumatına görə, kişilər üçün ən çox tələb olunan sürücü, satıcı və mühafizəçi işləridir: “Satıcı və mühafizəçi işi üçün əsasən cavan oğlanlara üstünlük verirlər. Sürücü işinə isə birmənalı şəkildə yaşlı adam axtarırlar. Çünki əksəriyyət əsasən ailə sürücüsü axtarır. Bu zaman da yəqin ki, qısqanclıq səbəbilə yaşlı adamlara üstünlük verilir”.
300 manat maaşa yaxın duran yoxdur
Agentliklərdən dedilər ki, ötən il maaşı 300 manat olan işlərə də maraq var idi. Amma bu ildən hamı 350-400 manatdan yuxarı maaşı olan iş axtarır.
İşçi axtaran şirkətlərin təklif etdikləri maaş isə 300 manatdan başlayır və sahəyə görə dəyişir. Məsələn ofisdaxili işlər üçün təklif olunan minimum əməkhaqqı 350-400 manat təşkil edir.
Yaxşı maaşlı işlər mühasib, hüquqşünas və marketoloqdur. Belə ki, mühasib və hüquqşünas maaşları 1000-1200 manatdan başlayır. Marketoloq işinə təklif olunan maaş isə 400-700 manat arası dəyişir.
HR və arqon qaynaqçısı axtaranlar təcrübəyə üstünlük verir
İşədüzəltmə agentliklərinin menecerlər bildirirlər ki, hazırda ən məşhur ixtisas tələb edən işlər mühasib, İT mütəxəssisi və HR sahəsindədir. HR mütəxəssis axtaranlar əsasən namizədin bu sahədə qazandığı təcrübəyə üstünlük verirlər.
Şirkətlərin ixtisas tələb etməyən sahələr üzrə elan etdiyi vakansiyalar isə qida sektorunda ekspeditor, fəhlə və ambardar işləridir.
Xüsusi ixtisaslı işlər isə elektrik, qaynaqçı, arqon qaynaqçısı işləridir. Bildirilir ki, arqon qaynaqçısı işinə xüsusi təcrübə tələb olunur. Çünki hər adi qaynaqçı arqon qaynaqçılığı işini bacarmır. Məlumata görə elektrik, qaynaqçı və arqon qaynaqçısı üçün təklif olunan məvacib 500 manatdan başlayır 1000 manata qədər artır.
Agentliklərin məlumatlarına görə, iş üçün regionlardan da müraciətlər olur, amma şirkətlər rayonlardan işçi qəbul etmirlər.
Agentlikdən qeyd edirlər ki, kişilərin iş tapması yaş həddinə görə bir qədər problemlidir. Reallıq ondan ibarətdir ki, 40 yaşdan yuxarı kişilər iş tapmaqda çətinlik çəkə bilərlər.
“300 manatlıq işə yaxın duran yoxdur” – İŞƏDÜZƏLTMƏ AGENTLİYİ
16:54
20 Fev 2018