İşçilərin ezamiyyə qaydaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012 tarixli N Q-01 saylı qərarı ilə tənzimlənir.
Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişib
FED.az xəbər verir ki, insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova həmin qərara edilən son dəyişiklikləri şərh edir.
Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra - təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. İşçilərin ezamiyyət müddəti təşkilatın rəhbəri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manat müəyyən edilir.
Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir.
Ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) daxildir. Nəqliyyat xərclərinə isə ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.
Maliyyə Nazirliyinin Kollegiyasının 27 sentyabr 2024-cü il tarixli “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərarı ilə ezamiyyə normalarında dəyişikliklər edilib.
Yeniliyə əsasən, ölkə ərazisi daxilində ezamiyyələr zamanı Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri, 25 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir. Xarici ölkələrə ezamiyyələrdə isə ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizini mehmanxana xərcləri, 35 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.
Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda, işçiyə ezamiyyə xərci ödənilmir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir. Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda, işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 65 faizi həcmində vəsait ödənilir. Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda isə işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir. Dəvət edən tərəf işçiyə yaşayış yeri xərcini və gündəlik xərcləri (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından az olarsa həmin fərq işçiyə ödənilir. Dəvət edən tərəf işçini yeməklə təmin edərək yalnız yaşayış yeri xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir. Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yalnız yemək xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 35 faizindən az olarsa, həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir. Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.
Misal 1: İşçi 3 günlük Qazax şəhərinə ezam olunub. Dəvət edən tərəf işçinin yemək xərclərini öz üzərinə götürür. Bu halda, normaya (Qazax şəhəri üçün 1 günlük norma 90 manat) uyğun olaraq, normanın 65% -i həcmində ödəniş ediləcək, yəni işçinin 1 günlük ezamiyyə xərci 58.5 manat, 3 günlük xərci isə 175.5 manat olacaq:
90 x 65% = 58.5 manat;
58.5 x 3 = 175.5 manat.
Misal 2: İşçi 4 günlük Almaniyaya ezam olunub. Dəvət edən tərəf işçinin yemək xərclərini öz üzərinə götürür. Bu halda, normaya (Almaniya üçün 1 günlük norma 250 avro) uyğun olaraq, işçiyə normanın 65%-i həcmində ödəniş ediləcək. Yəni, işçinin 1 günlük ezam xərci 162.50 avro, 4 günlük xərci isə 650 avro təşkil edəcək:
250 x 65% = 162.50 avro;
162.50 x 4 = 650 avro.