Novruz bayramında prezident İlham Əliyev tərəfindən imzalanması gözlənilən əfv sərəncamı ilə bağlı Əfv Məsələləri Komissiyası bu gün ikinci iclasa toplaşacaq.
Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir.
Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, müzakirələrdən asılı olaraq, baxılacaq müraciətlərin sayı müəyyənləşəcək:
“Əfv siyahısına kimlər düşəcək bunu kimsə deyə bilməz. Biz yalnız bu və digər şəxslərlə bağlı məlumatları dinləyir və qərar hazırlanması ilə bağlı rəy veririk. Rəyin nəzərə alınıb-alınmaması cənab prezidentin səlahiyyətində olan məsələdir. Çünki bu, prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Ona görə də əfv sərəncamının şamil olunacağı şəxslər siyahı yayılandan sonra məlum olacaq”.
Ə.Nuriyev deyib ki, Komissiyanın pozitiv qiymətləndirdiyi şəxs sərəncam zamanı nəzərə alınmaya bilər:
“Prezident özü uyğun bildiyi şəxsin adının siyahıya salınması qərarını da verə bilər. Digər tərəfdən, bütün məhkumlar barədə olan məlumatlar konfedensialdır. Şəxsi məlumatların yayılması isə qadağandır. Ona görə də siyahıda kimlərin adının olacağını açıqlamaq doğru deyil”.
Komissiya üzvü qeyd edib ki, 2017-ci ildə iki nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxsin adı əfv sərəncamına daxil edilmişdi:
“Bu dəfə də ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin adının siyahıya daxil edilməsi istisna deyil. Əgər onlar tərəfindən müraciətlər varsa, baxılacaq”.
Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib.