Bu ilin iyul ayının birinə Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı 248 min 469 nəfər olub. Onlardan 5 min 347 nəfəri, - yəni 2,1%-i işsizlikdən sığorta ödənişi alıb.
İşsizlikdən sığorta ödənişi alanların sayı kifayət qədər az olsa da, bəzi rayonlarda isə işsiz kimi qeydiyyatda olan vətəndaşlar heç bir sığorta ödənişi almayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2 rayonda işsiz kimi qeydiyyatda olan şəxslər sığorta ödənişi almayıb.
Belə ki, Kəngərli rayonunda 1 449 nəfər qeydiyyatda olan işsiz şəxs olsa da, onlardan heç biri sığorta ödənişi ala bilməyib.
Oxşar vəziyyət Qubadlı rayonunda da baş verib. Bu rayonda işsiz kimi qeydiyyatda olan 917 nəfər də işsizlikdən sığorta ödənişi ala bilməyib.
Qeyd edək ki, ötən ilin iyul ayının biri ilə müqayisədə ölkədə qeydiyyata alınmış işsiz şəxslərin sayı 19 min 414 nəfər və ya 8,5% artıb. Bununla yanaşı, işsizlikdən sığorta ödənişi alan şəxslərin sayı 1 425 nəfər və ya 36,3% çox olub.












