Yeni tikilən çoxmərtəbəli binalarda mənzillər sahiblərinə təmirsiz satıldığından onu yaşayış üçün yararlı hala gətirmək üçün təmir etdirmək lazım gəlir. Bəs hazırda Bakıda mənzilləri təmir etmək neçəyə başa gəlir? Mənzil sahiblərinin demək olar ki, hamısını maraqlandıran bu məsələyə aydınlıq gətirməyə çalışmışıq.
Daşınmaz əmlak bazarı üzrə ekspert Asif Yusubov bildirib ki, inşaat materiallarının qiyməti artsa da, əhalinin gəlirləri artmadığı üçün təmir xərcləri hələlik dəyişməyib. Hazırda təmir xərcləri tikinti materialları daxil olmaqla ortalama olaraq 1 kv.m üçün 150-300 manat arasında dəyişir. Bu təmir qiymətinə elektrik, santexnika, tavan, daxili qapılar və pəncərəaltılar, daxili abadlıq (malyar), döşəmə, kafel və metlax işləri daxildir. Onun sözlərinə görə, kv.m üzrə təmir xərci 500 manat da ola bilər. Amma bu bahalı mənzillərə aiddir.
Ekspert bildirir ki, hazırda təmir-tikinti şirkətlərinin təqdim etdiyi qiymətlər yüksəkdir. Məsələn, 1 kv.m üçün 250 manat qiymət təyin edilibsə, bunun 125 manatı tikinti materialları ilə bağlı xərclər ola bilər. Qalan 125 manatı şirkətlər işçi xərci və digər məsrəfləri kimi istəyirlər. Digər tərəfdən yüksək qiymət olmasına baxmayaraq kefiyyət müştərini qaneedici səviyyədə olmur.
Mentalitetdən irəli gələrək Azərbaycanda hamı bütün prosesi nəzarətdə saxlamaq istəyir: “Məsələn, şirkət kompleks xidmət təklif edir. Bu xidmətlər dizayn işlərindən açar təhvilə qədər bütün prosesi əhatə edir. Amma ola bilir ki, vətəndaş kafelin və yaxud divar kağızının rəngini bəyənmir. Bütün bunlar isə təmir şirkəti ilə ev sahibi arasında konflikt yaradır. Ona görə vətəndaşlar daha çox tanıdığı bir dizayneri tapır və həmin dizayner bütün təmir prosesini idarə edir. Amma işçilik məsələlərinə yenə də özü nəzarət edir”.
A.Yusubov bildirib ki, bu daha çox lüks mənzillərdə yayılan praktikadır: “Düzdür, bu sadə səslənsə də, belə dizaynerlərin 3D proyekt verməsi 20-30 min manata başa gəlir. Nisbətən gəlirləri az olan əhali isə təmirlə bağlı hər şeyi özləri etməyə çalışır. Çünki hər şeyə pul ödəməyə imkanı yoxdur”.
Bir mənzilin ümumi təmir xərcinə gəlincə, A.Yusubov tikinti şirkətlərinin təmirli və təmirsiz mənzillər arasındakı qiymət fərqinin real təmir xərcini ortaya qoyduğunu deyir:”Məsələn, 20 Yanvar Metrosunun yaxınlığında yaşayış kompleksində 27 kv.m-lik təmirsiz mənzilin kv.m-i 900 manata təklif edilirsə, təmirli mənzil 1100 manata satılır. Təmir xərci hər kv.m-ə 200 manat təşkil edir, hətta bura tikinti şirkətinin gəliri də daxildir. Başqa sözlə, bu mənzilin təmiri orta hesabla 5400 manata başa gəlir”.