2025-ci il iyulun 1-i vəziyyətinə Azərbaycanda təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 538,1 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ən yüksək orta aylıq pensiya məbləği 737 manatla paytaxt Bakı şəhərində qeydə alınıb. Paytaxtdan sonra ən yüksək göstəricilər isə işğaldan azad edilmiş ərazilərdə və sənaye şəhərlərində cəmləşib. Belə ki, Zəngilan rayonunda orta pensiya 458 manat, Şirvan şəhərində 456 manat, Siyəzən rayonunda və Sumqayıt şəhərində isə 450 manat təşkil edir.
Bu sıraya Xocavənd rayonu (447 manat), Abşeron rayonu (443 manat), Gəncə şəhəri (441 manat), Qubadlı rayonu (434 manat) və Mingəçevir şəhəri (432 manat) də daxildir.
Neftçala və Hacıqabul rayonlarında orta pensiya 431 manat, Salyan rayonunda isə 430 manatdır.
Digər bir qrup rayonlarda orta pensiya məbləği 420 manatdan bir qədər yüksəkdir. Məsələn, Qazax və Şabran rayonlarında bu göstərici 428 manat təşkil edir.
Ölkənin əksər rayonlarında isə orta aylıq pensiya məbləği 410 ilə 420 manat arasında dəyişir. Bu kateqoriyaya daxil olan rayonlar arasında Astara, Ucar və Xocalı (412 manat) kimi rayonlar yer alır.
Siyahının sonuna doğru isə orta pensiya məbləğinin ən aşağı olduğu rayonlar qərarlaşıb. Ən aşağı göstərici 403 manatla Füzuli rayonunda qeydə alınıb. Ondan bir qədər yüksək göstərici 405 manatla Balakən rayonundadır. Xızı rayonunda orta pensiya 410 manat, Ağcabədi, Biləsuvar, Masallı və Zaqatala rayonlarının hər birində isə 411 manat təşkil edir.