Sosial

Azərbaycan vətəndaşları prezidentə ən çox nədən şikayət edir?

Azərbaycan vətəndaşları prezidentə ən çox nədən şikayət edir? | FED.az
08:06 8 Fev 2019

2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı faiz etibarilə azalmışdır.

 

FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

 

Süleyman İsmayılov deyib: “Bununla belə araşdırma göstərir ki, hüquq mühafizə orqanlarının və məhkəmələrin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyəti, müalicə və dərmanlarla təminat, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi, sığorta, aqrolizinq, yaşayış binalarının təmiri, qaz sayğaclarının quraşdırılması məsələləri üzrə şikayətlər üstünlük təşkil etmişdir. Bu da həmin məsələlərin vətəndaşlar üçün çox aktual olmasından, bəzi hallarda isə onların əsassız şikayətlər etməsindən, yaxud öz hüquqlarını kifayət qədər dərindən bilməməsindən, hər vasitə ilə özünün haqlı olduğunu sübut etmək istəyindən irəli gəlir.

 

Şəhər, rayon İHB aparatlarının fəaliyyəti, yerli hakimiyyət orqanlarında vətəndaşların qəbulu və müraciətlərə baxılması, fərdi evlərin tikintisi, kənd təsərrüfatı üçün torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların emalı, saxlanılması və satışı, meliorasiya və su təsərrüfatı, orta təhsil, diplomların verilməsi və tanınması, bank əməliyyatları, kreditlərin verilməsi, rabitə və informasiya texnologiyaları, sosial yardım və müavinətlər, əmək mübahisələri, işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, qaz, istilik, enerji təchizatı, təhlükəsizlik və ictimai asayişin qorunması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər üzrə şikayətlərin sayı azalmışdır.
 

Eləcə də bax: Prezident Administrasiyasına ən çox bu şəhər və rayonların sakinləri müraciət edir - SİYAHI
 

2017-ci illə müqayisədə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artmışdır.

 

Bununla yanaşı, Bakı şəhərinin Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarından, Naxçıvan Muxtar Respublikasının rayonlarından, Sumqayıt, Abşeron, Balakən, Biləsuvar, Daşkəsən, Göygöl, Xaçmaz, Xocalı, Qubadlı, Lerik, Saatlı, Sabirabad, Samux, Siyəzən, Tərtər, Tovuz, Ucar, Zərdab, digər şəhər və rayonlardan şikayətlərin sayı azalmışdır.

 

Şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətlərini əks etdirir.

 

Bu mövzuda daha çox şikayət Bakı şəhərinin bəzi rayonlarından, həmçinin Lənkəran, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Xızı, Kəlbəcər, Qazax, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur.

 

Ötən il bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilmiş, həmin faktlar əsasında hüquq mühafizə orqanları tərəfindən cinayət işləri açılmış, görülmüş tədbirlər nəticəsində 5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmış, bələdiyyə mülkiyyətinə vurulan ziyanın ödənilməsi təmin edilmişdir”.

 

YERLİ ORQANLAR LAQEYD, BİGANƏ MÜNASİBƏT GÖSTƏRİRLƏR

 

Süleyman İsmayılov  əlavə edib:

 

“Vətəndaşların müraciətlərinin təhlili, onların yaranma səbəblərinin öyrənilməsi bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz. Unutmaq olmaz ki, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması hər bir dövlət qurumunun ən mühüm vəzifələrindən biridir. Lakin vətəndaşlara əsaslı cavab verilməyəndə onlar öz problemlərini həll etmək üçün aidiyyəti qurumlara növbəti müraciət göndərir ki, bu da təkrar və çoxsaylı müraciətlərin yaranmasına səbəb olur.

 

Təkrar müraciətlər Bakı şəhəri rayonlarının, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Ağsu, Astara, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Laçın, Neftçala, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Zəngilan, digər şəhər və rayonların payına düşür. Araşdırmalar göstərir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına edilən təkrar müraciətlərin bir qismi laqeydliyin, biganə münasibətin nəticəsidirsə, xeyli hissəsi də subyektiv səbəblərdən yaranır. Bəzi vətəndaşlar haqsız olsalar da, hər il çoxsaylı müraciətlər göndərməklə öz əsassız iddialarının həyata keçirilməsində israr edir, hüquqlarından sui-istifadə etməyə çalışırlar. Yazdıqları müraciətlərlə bağlı onlara dəfələrlə əsaslandırılmış cavab verilsə də, yazmaqda davam edir və hər dəfə yeni mövzular tapırlar”.

Digər xəbərlər

Banner