Prezident Administrasiyasının Qəbul otağına il ərzində 15 minədək vətəndaş müraciət etmişdir. Təsdiq olunmuş cədvələ uyğun olaraq keçirilmiş qəbullarda hər bir vətəndaş diqqətlə dinlənilmiş, Administrasiyanın müvafiq struktur bölmələri onların qanuni tələblərinin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmüşlər.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
O qeyd edib ki, 2018-ci ildə “President.az” saytının “Qəbula yazılmaq” bölməsi vasitəsilə Qəbul otağının kompüter bazasına daxil olmuş 2 minə yaxın müraciətin müəllifinə izahat verilmiş, bir çoxu isə müvafiq qaydada qeydiyyata alınaraq qəbulda iştirak etmişdir.
“Qəbul otağına ən çox Bakı şəhərinin rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Laçın, Lerik, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonların sakinləri müraciət etmişlər.
Eləcə də bax: Vətəndaşlar ən çox hansı məsələlər üzrə şikayət edir?
Vətəndaşlar Qəbul otağına daha çox sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, hüquq mühafizə və məhkəmə orqanlarının, şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti, xaricdə müalicə və dərman təminatına kömək göstərilməsi, təhsil haqqını ödəməkdən azad olunma, xaricdə alınmış diplomların tanınması və sair məsələlər barədə müraciət etmişlər. Ötən il ərzində respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 828 mindən çox vətəndaş qəbul edilmişdir. Onların 56,7 faizi mərkəzi, 43,3 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunmuşdur”,- Süleyman İsmayılov deyib.