“İpək Yolu Sığorta” ASC-nin könüllü müraciəti əsasında 24 sığorta növü üzrə fəaliyyətinə verilmiş icazələr ləğv edilib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Qanunun 105.1.1-ci maddəsinə əsasən şirkətin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 11 noyabr 2026-cı il tarixindən məhdudlaşdırılıb.
Qərar aviasiya, əmlak, avtomobil, yük, məsuliyyət, tibbi və digər sığorta istiqamətlərini əhatə edir.
Belə ki, şirkətin hava nəqliyyatı vasitələrinin, aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin, hava limanı sahiblərinin və hava hərəkətinin idarə edilməsi orqanlarının mülki məsuliyyətinin sığortası üzrə icazələri ləğv olunub.
Bundan başqa, fiziki və hüquqi şəxslərin əmlakının, avtomobillərin, elektron cihazların, ipoteka predmeti olan əmlakın, yüklərin, tikinti-quraşdırma risklərinin, eləcə də könüllü tibbi, səyahət və fərdi qəza sığortası üzrə fəaliyyətə verilmiş icazələr də ləğv edilib.
Məhdudiyyət daşınmaz əmlakın icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası və digər sığorta növlərinə də şamil olunur.
Qanunvericiliyə əsasən, şirkət bundan sonra müvafiq sığorta növləri üzrə yeni müqavilələr bağlaya və qüvvədə olan müqavilələrin müddətini uzada bilməyəcək.
Bununla belə, əvvəllər bağlanmış müqavilələr üzrə öhdəliklər onların qüvvədəolma müddəti başa çatanadək və ya qanunla nəzərdə tutulan əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirilməlidir.
Qeyd edək ki, 1995-ci ildə dövlət qeydiyyatına alınmış “İpək Yolu Sığorta” ASC-nin lisenziyası daha əvvəl, 24 yanvar 2023-cü ildə də könüllü müraciət əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə məhdudlaşdırılmışdı.















