Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 14,4 faiz artıb.
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,2 milyard manatdan çox olub. Bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz və ya 532,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 2,7 milyard manat təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 15,8 faiz artaraq 148,7 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5 faiz artıb və 110,1 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artaraq 765,3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,8 faiz artıb və 539,2 milyon manat təşkil edib.