Hacıqabulda meyvə və tərəvəz məhsullarının qablaşdırılması üçün tara istehsal edən müəssisə fəaliyyətə başlayıb. Rayondakı sənaye məhəlləsində qurulan müəssisənin istehsalı hələlik sınaq müddətində işə salınıb.
FED.az xəbər verir ki, Hacıqabul Sənaye Məhəlləsindəki müəssisədə müasir avadanlıqlar quraşdırılıb. İstehsalat rəisi İlqar Hüseynov bildirib ki, sınaq müddəti olsa da, müxtəlif ölçüdə taralar istehsal edilərək anbarlara yığılır. Müasir standartlara cavab verən cihazlar hesabına 5 ölçüdə tara istehsal etmək mümkündür.
Taralar təkrar emaldan alınan plastik xammal hesabına ərsəyə gəlir. Müəssisə daxili bazarı təmin etməklə yanaşı, ixrac potensialına da malik olacaq. Sınaq müddəti olduğu üçün müəssisə bir aparatla çalışır. Gələcəkdə isə əlavə aparatların qurulması planlaşdırılır. Müəssisə ay ərzində 80-90 min müxtəlif ölçülü tara istehsalı gücünə sahibdir.
İstehsalat rəisinin sözlərinə görə, hazırda müəssisədə 4 işçi çalışır. Gələcəkdə müəssisə tam fəaliyyətə başlayacağı təqdirdə, işçilərin sayı da artırılacaq (Azertag).