İndiyədək kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar hesabı ilə bitkilərin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə 50 manat, buğda və çəltik əkininə görə əlavə 40 manat yardım verilir.
Həmçinin, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin, pestisidlərin və ölkədə sənaye üsulu ilə istehsal edilmiş biohumusun qiymətinə 70 faiz güzəşt tətbiq edilməklə, hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə mineral gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 150 manat, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi 50 manat məbləğindədir.
Xəbər verdiyimiz kimi, İyunun 27-də yeni "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsi qaydası" təsdiq edilib.
FED.az-ın məlumatına görə, Qaydalardan məlum olur ki, yanacaq və motor yağlarına görə verilən 50 manat subsidiya ləğv edilir. Gübrələrin və pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştlər də ləğv edilərək əkin subsidiyası ilə əvəz edilir.
Qaydalara görə, əkin subsidiyası – fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Kənd təsərrüfatı istehsal vasitələri dedikdə mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid başa düşülür. Əkin subsidiyasının 25 faizni nağdlaşdıraraq istifadə etmək mümkün olacaq, 75 faizi avtomatlaşdırılmış qaydada gübrə və pestisid satan təchizatçının hesabına köçürüləcəkdir.
Qaydalar görə, fermerlər əkin subsidiyası, məhsul subsidiyası, toxum subsidiyası, heyvan subsidiyası, arı subsidiyası və barama subsidiyası ala biləcəklər. Məhsul subsidiyası - tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiyadır.
Qeyd edək ki, iri təsərrüfatlar yanacaq və motor yağları subsidiyası ilə xeyli gəlir əldə edirdilər. Gələn ildən fermerlər (fiziki və hüquqi şəxslər) mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisidə görə əkin subsidiyası, tədarükçülərə təhvil verilən məhsulun hər tonuna görə məhsul subsidiyası alacaqlar.