“Cənub Qaz Dəhlizi” layihəsi planlaşdırıldığı kimi bu ilin yayında işə düşəcək, Transanadolu boru kəmərinin (TANAP) Türkiyədə təbii qazla doldurulması prosesi isə bir neçə gün əvvəl başlayıb.
Bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Vyanada Avropa qaz konfransında çıxışı zamanı deyib.
V.Bəylərbəyov qeyd edib ki, TANAP üzrə işlərin 91 faizdən çoxu, Transadriatik boru kəmərinin (TAP) tikintisi üzrə işlərin 65 faizi başa çatıb: “Biz qürurla deyə bilərik ki, “Cənub Qaz Dəhlizi” 2018-ci ildə açılacaq və yayda qaz əvvəlcə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatacaq”.
SOCAR rəsmisinin sözlərinə görə, Azərbaycan qazının bu il Gürcüstan və Türkiyəyə ilk tədarükündən sonra TANAP Türkiyəyə tədarükü 2020-ci ilədək müqavilədə qeyd edilən illik 6 milyard kubmetr həcminə çatdıracaq: “TAP Yunanıstana ilk qazı 2020-ci ildə tədarük edəcək və bundan sonra tədarükü ildə 10 milyard kubmetrədək artırmağa başlayacaq. Tədarükün təmin olunması üçün “Şahdəniz-2” layihəsi çərçivəsində istehsal gölənildiyi 2024-25-ci ilədək, bəlkə də daha tez 16 milyard kubmetr həddinə çatacaq”.