Gədəbəy rayonunun Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə aid süfrə suları istehsal müəssisəsi tikilir.
Hazırda müəssisədə son tamamlama işləri görülür.
Həmçinin Gədəbəy şəhərində Mübariz Qənbərova məxsus çörək və şirniyyat məmulatları müəssisəsi də tikilir.
Qeyd edək ki, hazırda rayonun Zəhmətkənd kəndində “Gədəbəy mineral sular” MMC-yə məxsus mineral sular və limonad istehsalı müəssisəsi fəaliyyət göstərir.
Gədəbəy Mineral Sularının mənbəyi Gədəbəy dağlarındakı bulaqlardır. Məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən Gədəbəy Mineral Suları MMC şirkəti tərəfindən “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə istehsala buraxılır. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.