2019-cu ildə Ukraynada “SOCAR” brendi ilə fəaliyyət göstərəcək 5-ə qədər yanacaqdoldurma məntəqəsi (YDM) açılacaq.
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkətindən bildiriblər.
Bundan başqa, artıq mövcud olan yanacaqdoldurma məntəqələrində istifadəsi mümkün olan yerlərdə qaz modulları quraşdırılacaq.
Məlumatda deyilir ki, “SOCAR Energy Ukraine” şirkəti nəzərdə tutulan planları ölkədə əlverişli iqtisadi və siyasi vəziyyətin mövcudluğunda həyata keçirmək niyyətindədir: “SOCAR-ın inkişaf üçün ənənəvi prioritet istiqamətləri yanacaqdoldurma komplekslərində tam xidmətlərin və əlaqəli məhsulların satış payının artırılması qalmaqdadır. Həmçinin, şirkətin planlarına elektromobillər üçün müasir yanacaqdoldurma məntəqələrinin aktiv inkişaf etdirilməsi daxildir”.
Bundan başqa, şirkətdən bildiriblər ki, 2018-ci ildə Kiyevdə “Nielsen Shopper Trends Petrol Stations” şirkəti tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, “SOCAR Energy Ukraine” şirkəti brendin gücünü ölçən göstərici olan Kapitalın İndeks Markası reytinqində ilk beşliyə daxil edilib. Bütün bunlar isə SOCAR-ın Ukrayna ərazisində ölkənin aparıcı yanacaqdoldurma məntəqələri şəbəkəsindən 10 dəfə az YDM sayının olmasına baxmayaraq nəzərə alınıb.