“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) Türkiyənin “Gübretaş” şirkəti ilə birgə müəssisə yaradır.
FED.az xəbər verir ki, bu barədə “Gübretaş”ın Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yer alan məlumatında bildirilir.
Məlumata görə, “Gübretaş” karbamidin idxalı, yerli və xarici bazarlarda satışına dair “SOCAR Turkey” ilə niyyət məktubu imzalayıb.
Sənədə görə, “Gübretaş” SOCAR-ın neft-kimya müəssisələrindən və regiondakı digər istehsalçılardan karbamid idxal etmək, onun Türkiyə və xarici bazarlarda satışını həyata keçirmək üçün hər iki şirkətin də 50 faizlik paya sahib olacağı birgə müəssisə yaradılacaq.
Qeyd edək ki, SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. SOCAR 2020-ci ilədək Türkiyəyə 19,5 milyard dollar investisiya yatıraraq bu ölkənin ən böyük xarici investoru olmağı hədəfləyir. Bundan başqa, STEAŞ 2023-cü ilədək Türkiyənin ən böyük sənaye şirkəti olmaq niyyətindədir.