"Ötən həftənin əvvəlindən neftin qiymətinin ucuzlaşmasının 3 səbəbi var”.
FED.az-ın məlumatına görə, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
ELƏCƏ DƏ BAX: Neft yenə ucuzlaşdı – SON QİYMƏT
İ. Şaban deyib ki, birinci səbəb ABŞ-ın 2019-cu ilin yanvarında şist neft hasilatının rekord səviyyədə artacağı ilə bağlı bəyanatıdır: "Neftin ucuzlaşmasına təsir edən ikinci amil ABŞ və Çin arasındakı ticarət savaşın qlobal iqtisadiyyata təsiri, 2019-cu ilin birinci rübündə dünya iqtisadiyyatının artım tempinin zəifləyəcəyi ilə bağlı ilkin proqnozlardır. Əgər dünya iqtisadiyyatında inkişaf tempi zəifləyirsə, deməli, enerji resurslarına tələbat da azalmalıdır. Neftin qiymətinə təsir edən üçüncü amil isə Rusiyanın energetika naziri Aleksandr Novakın bazar ertəsi 2018-ci ildə neft hasilatı ilə bağlı verdiyi açıqlama oldu. Aleksandr Novan bu il Rusiyanın rekord həddə neft hasil edəcəyini bildirdi.
Bu açıqlama bazarlara həddən artıq neqativ təsir göstərdi. Çünki Rusiya hazırda dünyada ikinci ən böyük neft hasilatçısıdır. Həm də Rusiya OPEC+ ölkələri formatında əldə edilən razılaşmaya əsasən, gələn il neft hasilatını 228 min barel azaldacağı barədə öhdəlik götürüb. Lakin Aleksandr Novak gələn il qış aylarında iqlim şəraiti və coğrafi amillərə görə neft hasilatını bu səviyyədə azalda bilməyəcəklərini, neft hasilatını sonrakı dövrlərdə azaldacaqlarını da bəyan etdi. Əgər Rusiya kimi ölkə neft hasilatını rekord həddə çatdırırsa və bunu gələn ilin başlanğıcından azalda bilmirsə, ABŞ da neft hasilatını artıracaqsa, 2019-cu ildə yavaş-yavaş OPEC+ ölkələrinin neft hasilatını azaltması bazardakı izafi neftin yığışdırılmasına imkan verməyəcək. Bazarda kifayət qədər neft var. Treyderlər bilirlər ki, neftin sabah daha ucuz olması ehtimalı daha böyükdür”.
Qeyd edək ki, bu gün saat 19.30-a olan məlumata əsasən, "Brent” markalı neft 2,71 faiz ucuzlaşıb və 1 barel neft 55,69 dollara təklif edilib. WTI markalı neft isə 3,36 faiz ucuzlaşaraq 46,55 dollara satılıb.
Neftin qiymətinin 55 dollara düşməsinin - 3 SƏBƏBİ
20:31
20 Dek 2018