Macarıstan hökuməti Azərbaycanda “Hell Energy” şirkətinin zavodunun tikintisinə maliyyə dəstəyi verəcək və bu, Azərbaycanın qeyri-enerji sektoruna ilk böyük sərmayədir.
Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək
FED.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə birgə mətbuat konfransında deyib.
“İki ölkə arasında əməkdaşlığın növbəti uğurlu hekayəsi “Hell Energy” ilə bağlı olacaq. Bu şirkət Azərbaycanda alüminium içki qutusu istehsalı üçün böyük zavod tikmək qərarına gəlib. Macarıstan hökuməti layihəyə maliyyə dəstəyi göstərmək üçün lazımi miqdarda maliyyə vəsaitini indicə ayırıb [layihənin investisiya dəyəri 211 milyon ABŞ dolları təşkil edir-red.]. Bununla paralel olaraq, Macarıstanın ən böyük əczaçılıq şirkəti Azərbaycanın əczaçılıq şirkətlərindən biri ilə istehsalın lokallaşdırılması üçün müqavilə imzalayıb”, - o vurğulayıb.
P.Siyarto bildirib ki, əməkdaşlıq çərçivəsində təhsil sahəsinə mühüm diqqət yetirilir:
“Macarıstanın aparıcı kənd təsərrüfatı universiteti Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sahəsi ilə məşğul olan universitet və institutları ilə əlaqələr qurub. Bu əməkdaşlıq Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcək”. (Report)