Göygöl Şərab Zavodu tərəfindən yayımlanan məlumatda bildirilir ki, kütləvi informasiya vasitələrində keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli hesab olunan məhsulların istehsalı ilə məşğul olan, eləcə də barələrində cinayət işinin açılması ilə bağlı yayılmış xəbərlərdə adları hallanan şirkətlərin (MMC-lərin) “Göygöl Şərab Zavodu” ASC ilə heç bir bağlılığı yoxdur.
FED.az xəbər verir ki, bu barədə Göygöl Şərab Zavodunun yaydığı məlumatda bildirilir.
Yayımlanan bu kimi məlumatların, o cümlədən Göygöl Şərab Zavodu tərəfindən “Xan 1860” brendi altında istehsal edilən məhsulların şəkillərinin mətbuatda həmin neqativ xəbərlərlə paylaşılmasının şirkətin işgüzar nüfuzuna xələl gətirə biləcəyi və ictimaiyyətdə şirkət haqqında yanlış təsəvvür yarada biləcəyini nəzərə alaraq, “Göygöl Şərab Zavodu” ASC media qurumlarından paylaşılan məlumatlarda qeyd edilən məqamlara diqqətlə yanaşılmasını xahiş edir.
Qeyd edək ki, 160 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi araq, şərab, konyak və şampanlar müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə nüfuzlu beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.