SOCAR Maire Tecnimont şirkəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalayıb.
Müqaviləyə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və rekonstruksiyası layihəsinin bir hissəsi kimi müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisi həyata keçiriləcək.
NEZ-in rekonstruksiyasına dair EPC işləri iki hissədən ibarətdir: yeni qurğuların tikintisi və mövcud qurğuların yenidən qurulması. Yeni qurğuların tikintisi üzrə tender 2017-ci il fevralın 10-da elan edilmiş, seçim prosesində 5 beynəlxalq şirkət iştirak edib. Maire Tecnimont SpA şirkətinin törəmə şirkətləri Tecnimont və Kinetics Technology alyansı tenderdə yüksək yekun göstəricilər qazanaraq, yeni obyektlərin tikintisi üçün EPC podratçısı seçilib. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisini nəzərdə tutulur. Mövcud qurğuların və ümumizavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında digər tenderin qalibi olan Técnicas Reunidas şirkətinə həvalə olunub.
SOCAR Tower-də keçirilən imzalanma mərasimində hər iki tərəfdən yüksək vəzifəli şəxslər, həmçinin İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari iştirak edib. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov və “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero imzalayıb.
İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Bu gün biz Avro-5 standartına cavab verəcək yüksək keyfiyyətli dizel, benzin və digər yanacaq məhsullarının istehsalına daha bir addım yaxınlaşdıq. “Maire Tecnimont SpA” dünyanın aparıcı şirkətlərindən biridir. Əməkdaşlığımız yaxın illərdə Azərbaycanın daxili bazarını yüksək keyfiyyətli yanacaqla təmin etməyə, ölkəmizin ixrac gəlirlərini artırmağa imkan yaradacaq.”
“Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero deib ki, Azərbaycanda həyata keçirdikləri iki strateji neft-kimya layihəsindən sonra, bu müqavilə “Maire Tecnimont” qrupuna emal işində SOCAR ilə məhsuldar münasibətlər qurmağa, neft-kimya sənayesi ilə inteqrasiya strategiyasını dəstəkləməyə imkan verəcək.
Modernizasiya layihəsinin həyata keçirilməsi istehsal edilən yanacağın keyfiyyətini Avro-5 standartına uyğunlaşdırmağa və istehsal həcmini ildə 7,5 milyon tona çatdırmağa imkan verəcək. Rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması gözlənilir.