Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar Energetika Nazirliyinin tabeliyindəki publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcək.
Bu, prezident İlham Əliyevin imzası ilə daxil olan və Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasının gündəliyinə təklif edilən “Energetika haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, elektrik enerjisi, istilik enerjisi və qaz istehsalçıları, enerji və qaz təchizatı müəssisələri, qaz paylayıcıları Energetika Nazirliyinin tabeliyindəki publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcək. Bu sahədə fəaliyyət göstərən müəssisələrdən alınacaq haqqın məbləği və ödənilmə qaydası Azərbaycan prezidenti ilə razılaşdırmaqla Energetika Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.
Bununla əlaqədar “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri də Milli Məclisin fevralın 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.