«Əsrin müqaviləsi» üzrə operator «BP-Azərbaycan» şirkəti bu qurumda işləyən azərbaycanlıların sayını açıqlayıb. FED.az xəbər verir ki, 2018-ci ilin 3-cü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2557 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
«Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 90%-ni təşkil edir və bu işçilərin də çoxu rəhbər vəzifələrdədir»-deyə şirkətdən bildiriblər.
Məlumatda deyilir ki, 2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi: «BP çox məmnundur ki, bu öhdəlik artıq yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir».
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.