Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu il Gədəbəy müqavilə sahəsində 82-86 min unsiya qızıl ekvivalenti həcmində hasilat planlaşdırır.
Bu barədə şirkətin hesabatında qeyd olunub.
Ötən il şirkətin hasilatı 83736 unsiya qızıl ekvivalenti təşkil edib.
Şirkət bu il 65 000-67 500 unsiya qızıl, 3 100-3 300 ton mis hasil etməyi hədəfləyir.
2018-ci ildə qızıl hasilatı 72 798 unsiya, mis hasilatı 1 645 ton olub.
Ötən il şirkətin ümumi gəlirləri 26% artaraq 90,4 mln. dollar, vergidən əvvəl mənfəət isə dörd dəfə artaraq 25,2 mln. dollar təşkil edib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.