Azərbaycanda avtomobil akkumulyatorlarının istehsalı təşkil olunacaq.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının( AMEA) “Yüksək Texnologiyalar Parkı"ndan bildiriblər.
Yaxın zamanlarda Əhmədli qəsəbəsində yerləşən AMEA Təcrübə-Sənaye Zavodunda istehsalat qurğularının tikintisi üzrə işlər başlayacaq.
2018-ci il yanvarın ilk ongünlüyündə akkumulyator istehsalı ilə məşğul olan xarici şirkətlərdən birinin rəhbəri Bakıya səfər edəcək. Səfərin məqsədi birgə istehsalın təşkil olunması ilə bağlı danışıqların keçirilməsidir.
Hazırda akkumulyatorların və litium-ion batareyalarının birgə istehsalının təşkili məqsədilə AMEA Texnoparkı Bolqarıstan, Çin və Türkiyə şirkətləri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir: “Hazır məhsul təkcə daxili bazar üçün nəzərdə tutulmayacaq, həm də ixrac ediləcək. Texnoparkın rezidentlərinin gömrük rüsumlarından azad edildiyini və digər amilləri nəzərə alsaq “Yüksək texnologiyalar parkı”nda istehsal olunan məhsulun dəyərinin kifayət qədər rəqabətqabiliyyətli olacağını hesab etmək olar”.