AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti “Buta Armor” şirkəti tərəfindən zirehli jiletlərin və aksesuarların istehsalı ilə əlaqədar müzakirələr aparılıb.
FED.az AMEA-ya istinadən xəbər verir ki, YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov 2018-ci il oktyabrın 22-də Nazirlər Kabineti tərəfindən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə zirehli jiletlərin və aksesuarların istehsalı ilə məşğul olmağa xüsusi icazə verildiyini bildirib.
İclasda məlumat verilib ki, istehsal sahəsinin və ofis binasının eskiz layihəsi, habelə şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə daxil olan ərazi planlaşdırılması, eləcə də şəhərsalma əsaslandırılması Fövqəladə Hallar Nazirliyinın Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Sənədlər toplusu Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmaqla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qısa müddətdə təsdiqlənib. Beləliklə, istehsal sahəsinin inşası prosesi ilə bağlı bütün təşkilati işlər tamamlanıb.
Bu, AMEA alimlərinin respublikanın hərbi və müdafiə qüdrətinin yüksəldilməsinə yönələn davamlı töhfələrindəndir. Burada istehsal olunacaq zirehli jiletlər qoruma keyfiyyətinə görə dünyada üçüncü, Avropada isə birinci yerdədir.