Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Qax şəhərində “Ulu Yurd” MMC-nin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak ediblər.
FED.az-ın məlumatına görə, “Ulu Yurd” MMC-nin rəhbəri Cuma Əhmədzadə bildirib ki, mehmanxananın inşasına 2017-ci ilin sentyabrında başlanılıb. Yüksək keyfiyyət və zövqlə görülən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.
Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu kəndində ümumi sahəsi 3,3 hektar olan “Yaşıl Park” istirahət mərkəzinin ərazisində inşa edilib. Kompleksin tikinti sahəsi 2100 kvadratmetrdir. Yüz yerlik, üçmərtəbəli mehmanxana binasında müxtəlif kateqoriyalara uyğun 48 otaq var. Otaqlardan 45-i standart, 3-ü ailəvidir. Burada, eyni zamanda, VIP kottec də yaradılıb. Mehmanxananın otaqlarında müştərilərin rahatlığı üçün ən xırda detallar da nəzərə alınıb. Qonaqların asudə vaxtlarının təşkili bu mehmanxana kompleksinin yaradılmasında əsas meyarlardan biri kimi seçilib.
Turistlərin idmanla məşğul olması üçün ərazidə mini futbol meydançası yaradılıb. Eyni zamanda, burada qonaqlara açıq tipli kafe-bar və restoran da xidmət göstərəcək.
Bu cür mehmanxanaların yaradılması, ilk növbədə, Qaxın və ümumilikdə bölgənin turizm potensialının gücləndirilməsində mühüm rol oynayacaq, turist axınının artmasına zəmin yaradacaq. Bütün bunlarla yanaşı, turizm obyektlərinin istifadəyə verilməsi əhalinin məşğulluğunun artırılmasında, yeni iş yerlərinin yaradılmasında da müstəsna əhəmiyyətə malikdir. Belə ki, “Yurd Hotel” mehmanxanasında 15 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub.