“Gorus-Qafan yolunda qurulan Qubadlı gömrük postundan keçən nəqliyyat vasitələri “Dövlət rüsumu haqqında” qanuna müvafiq olaraq gömrük rüsumu və Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq yol vergilərinə cəlb olunur. Bu vergilər toplanaraq dövlət büdcəsinə ötürülür”.
Eləcə də bax: SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi tikir - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Baku TV-yə müsahibəsində bildirib. O qeyd edib ki, post vasitəsilə milyonlarla vəsait toplanaraq büdcəyə köçürülüb: “Gorus-Qafan yolunda, Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qubadlı rayonunun Eyvazlı kəndinin magistral yola yaxın hissəsində gömrük postunun yaradılması haqqında Dövlət Gömrük Komitəsi sədrinin 10 sentyabr tarixli müvafiq sərəncamı oldu. Bu sərəncamın icrasından irəli gələrək tərəfimizdən sərhəd keçid məntəqəsinin fəaliyyətə başlanması üçün bütün lazımı maddi-texniki ehtiyacların qarşılanması üçün addımlar atıldı. Postun qurulması istiqamətində şəxsi heyətin formalaşdırılması, müvafiq texniki avadanlıqlarla təchizat, rabitənin yaradılması istiqamətində internet şəbəkəyə çıxışın, DGK-nin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə çıxışın təmin olunması tərəfimizdən həyata keçirildi.
Post 12 sentyabr 2021-ci il tarixindən ölkə ərazisində gömrük xidmətinin digər postlarından heç bir fərqi olmadan, hər bir gömrük keçid məntəqəsi kimi fəaliyyətini uğurla davam etdirir. Əməkdaşlarımız növbəli iş rejimində xidmət aparırlar. Buradan toplanılan vəsaitin dövlət büdcəsinə ötürülməsi DGK tərəfindən həyata keçirilir”.
İ. Hüseynov əlavə edib ki, ərazidə POS-terminallar, bank terminalları quraşdırılıb. Postun tam fəaliyyəti təmin olunub: "Artıq milyonlarla vəsait tərəfimizdən toplanılaraq dövlət büdcəsinə köçürülüb."
Xudafərin ərazisində posta gəlincə isə, DGK rəsmisi vurğulayıb ki, işğaldan öncə Cəbrayılın Xudafərinə yaxın ərazisində gömrük postu fəaliyyət göstərirdi. Nəinki orada, bütün bərpa olunan sərhəd məntəqələrində dövlət yetkililəri qərar versə, bu məntəqələr açılacaq: “Burada məsələ tək Azərbaycan dövlət orqanlarının istəyi ilə getmir, qonşu dövlətlərlə də danışıqlar aparılır və razılaşdırılır. Hansı nöqtələrdə postların daha rahat fəaliyyət göstərməsi üçün relyef uyğun olmalıdır. Gələcəkdə yəqin ki, yeni postların açılması baş tutacaq”.