Günümüzdə krediti olmayan insan tapmaq çətindir desək, yanılmarıq. Müxtəlif səbəblərdən insanlar banklardan kreditlə pul götürürlər. Bankdan kreditlə pul götürməyi təmin edən əsas şərtlərdən biri də zamin olacaq şəxsin tapılmasıdır. Amma çox təəssüf ki, zamin olmaq məsələsində vətəndaşlarımız məlumatsızdırlar. Yəni pul götürənə zamin dururlar, lakin həmin şəxs pulu ödəyə bilməyəndə, bunu zaminin ödəməsi tələb ediləndə ciddi problemlər yaşanır. Belə ki, bu yaxınlar qeyd etdiyimiz məsələ ilə bağlı bir insident yaşanıb. Kredit götürən şəxs pulu ödəmədiyi üçün məhkəmə qərar verib ki, ödəniş zamin olanın maaş kartından tutulsun. Zamin şəxs isə bu qərardan narazıdır. Bildirir ki, kredit götürən şəxsin evi, avtomobili olduğu halda, hərraca çıxarılmayıb. O, iddia edir ki, banklar daha san yolu tuturlar: məsuliyyəti maaş kartı olan zaminin üzərinə yönəldirlər. Məsələnin sosial əhəmiyyətini nəzərə alaraq, mütəxəssislərin fikirlərini öyrəndik.
ELƏCƏ DƏ BAX: Biznesə başlamaq üçün xərc və sənəd - LAZIM DEYİL
Hüquqşünas Əkrəm Həsənov deyir ki, bankdan kredit götürənin həm girovu, həm də zamini varsa, borc onların hamısından eyni anda tələb edilə bilər: "İlk olaraq onu qeyd edim ki, əgər o, əmr icraatıdırsa, tərəfin iştirakı olmadan məhkəmə keçirilə bilər. Kiminsə kiməsə borcu var və borcu tələb edən tərəf məhkəməyə müraciət edərək bunun əmr icraatı formasında olmasını istəyir. Digər tərəfdən borclu olan şəxs də 10 gün içərisində həmin əmri çıxardan məhkəməyə etiraz vermək hüququna malikdir. Bu zaman əvvəlki əmr ləğv edilərək, tərəflərin iştirakı ilə yenidən məhkəmə keçirilir. Girov məsələsinə gəlincə isə ümumi olaraq, bütün vətəndaşlar bilməlidirlər ki, kimsə bankdan kredit götürən zaman həm girovu, həm də zamini varsa, borc onların hamısından eyni anda tələb edilə bilər. Yəni qanunda belə bir qayda yoxdur ki, əvvəlcə girov qoyulan əmlakdan, sonra zamindən pul tutulmalıdır. Proses hər ikisində eyni anda aparılır. Ola bilsin, girovlar da hərraca çıxarılıb, həmçinin zaminin də maaşından tutulur”.
Hüquqşünas zamin duran şəxsin hansı hallarda əks iddia qaldırmaq hüququ olduğunu da bildirdi: "Zaminin ixtiyarı var ki, borc onun hesabına ödənilib bitdikdən sonra o, qanun çərçivəsində iddia qaldıraraq zamin olduğu şəxsdən həmin pulu tələb etsin. Digər bir məsələ isə yaşayış minimumu ilə bağlıdır. Belə ki, qanunda insanların yaşayış minimumu 2019-cu il üçün əmək qabiliyyətli insanlarda 191, pensiyaçılarda 149, uşaqlarda isə 160 manatdır. İnsanların maaşından krediti çıxdıqdan sonra da onlara minimum yaşayış pulu qalmalıdır. Bu şəxsin ailəsində tutaq ki, 3 nəfər var, yəni həyat yoldaşı, özü və övladı. Və ailənin digər fərdləri də işləmirsə, bu ailənin yaşayış minimumu 542 manatdır. Yəni bu ailənin büdcəsindən kreditə pul çıxılsa belə, onlara 542 manat qalmalıdır. Əgər göstərilən məbləğ qalmırsa, o zaman ondan kredit ödənişi tutula bilməz. Bu halda vətəndaş bununla da bağlı iddia qaldıra bilər”.
Hüquqşünas Ceyhun Cəfərli zaminin, krediti götürən şəxslə eyni məsuliyyətə malik olduğunu qeyd etdi: "Əgər krediti götürən şəxs həqiqətən girov qoyubsa, bu zaman bank zamindən pul çıxmazdı. Ola bilər ki, həmin evin çıxarışı yoxdur. Biz təcrübəyə dayanaraq deyə bilərik ki, görünür, ev girov qoyulsa da, bank onu girov kimi qeydə almayıb. Ona görə də, bank verdiyi krediti zamindən tələb edir. Zaminliyə gəlincə isə bu, çox ciddi məsələdir. Belə ki, zamin, krediti götürən şəxslə eyni məsuliyyətə malikdir. Onlar məbləğ son qəpiyinə qədər ödənilənədək bank qarşısında birgə borcludurlar. Bəli, bu zaman belə bir sual yaranır ki, həmin kreditdən yararlanmayıb, amma onu ödəmək məcburiyyətində qalan zamin nə edə bilər? Zamin, banka olan borcu ödəyib bitirdikdən sonra krediti götürən şəxsə qarşı ödənilən məbləğ həcmində iddia qaldıra bilər”.
C. Cəfərli deyir ki, yaxşı olar ki, insanlar atdıqları addımın məsuliyyətini dərk etsinlər: "Birinə zamin durmaq bankı həmin borcun ödəniləcəyinə əmin etməkdir. Tutaq ki, krediti götürən şəxsdə də, zamin olanda da pul yoxdur. Bəs, götürülən məbləği kim ödəyəcək? Axı, bu pul hansı yolla olursa-olsun geri qaytarılmalıdır. Vətəndaşlarımız hansı sənədə imza atdıqlarını dərk etməlidirlər. Təəssüf ki, insanlarımız hüquqi baxımından istənilən biliyə sahib deyillər. Təbii ki, onlarda bir hüquqşünas səviyyəsində bilik tələb olunmur, ən azından, bu kimi məsələlərdə hüquqlarını, imza atmaqla hansı məsuliyyəti çiyinlərinə götürdüklərini bilməlidirlər. Kreditləşdirmənin prinsiplərindən biri və ən vacibi təminatlılıqdır. Bank təbii ki, krediti təminatla verməlidir. Zamin durarkən, siz, banka təminatçı olursunuz ki, həmin şəxsə kredit versin. Düşünürəm ki, bu kimi mövzularda maarifləndirmə işi aparılmalıdır. Vətəndaşlarımız kiməsə zamin duranda, gələcəkdə onları nələrin gözlədiyini bilməlidirlər”.
Müsahibimizdən hansı halda zaminin bu pulu ödəməmək haqqı olduğunu soruşduq: "Əgər kredit götürən şəxs zaminlik müqaviləsi və öhdəliyi ilə təmin edilən əsas kredit müqaviləsinin şərtlərini dəyişdirirsə və ya vaxtını uzadırsa, əlavə vəsait götürürsə, bu zaman zamin məsuliyyət daşımır. Əks təqdirdə, heç bir halda zaminin pulu ödəməmək kimi seçimi yoxdur”.
Kaspi.az
Zamin kredit götürən şəxslə - EYNİ MƏSULİYYƏTİ BÖLÜŞÜR
18:57
6 Fev 2019