Türkiyə hökuməti təqribən 10 milyard dollarlıq saziş çərçivəsində “Boeing” təyyarələri almaq planından imtina edə bilər.
FED.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayib Ərdoğan ölkəsilə ABŞ arasındakı son vaxtar ortaya çıxan gərginliyi şərh edərkən bildirib.
“Boeing” təyyarələrilə bağlı layihə ətrafındakı müəmma Türkiyənin ABŞ-dan hava müdafiə sistemləri almasının baş tutmamasından sonra Rusiyadan “S-400” raket sistemlərinin idxalına dair saziş imzalanması nəticəsində ABŞ ilə aralarında yaranan gərginliyin daha bir ifadəsidir.
“Cənab Trampa Osakada Türkiyənin “Patriot”ları almasa belə, “Boeing”ləri alacağını söyləmişdim. Biz yaxşı müştəriyik. Lakin belə getsə, bu məsələdə fikrimizdən daşınacağıq”, – deyə prezident Ərdoğan bildirib.
Qeyd edək ki, Osakadakı “G-20” sammiti zamanı Türkiyə prezidenti Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla görüşü zamanı “Turkish Airlines” üçün 100 ədəd “Boeing” təyyarəsi sifariş etdiklərinə də toxunmuşdu. Hazırda Türkiyə Rusiyadan “S-400” raket sistemlərini almağa başlayandan sonra ABŞ hökuməti bunun Türkiyənin NATO-dakı üzvlük öhdəliklərilə bir araya sığmadığını bildirərək “F-35” qırıcı təyyarələrilə bağlı layihəyə bu ölkəni cəlb etmək fikrindən də daşınıb.