Yaxın Şərqdə hərbi əməliyyatlar başlayanda heç bir dövlət bunun uzun müddət davam edəcəyini, Hörmüz boğazının dünya iqtisadiyyatı və enerji bazarı üçün çətin problem yaradacağını düşünməmişdi.
Səudiyyə Ərəbistanı ABŞ-yə xəbərdarlıq etdi
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dünya enerji bazarı Körfəzdə baş verən hadisələrlə əlaqədar o qədər həssas vəziyyətə çatıb ki, ABŞ və İran rəsmilərinin istənilən bəyanatı neftin qiymətinə təsir göstərir.
ABŞ ilə İran arasındakı hərbi əməliyyatların 2 həftəlik dayandırılması neftin 1 barelinin qiymətini 100 dollardan aşağı salsa da, ABŞ-nin İranı dənizdən blokadaya alması qiymətlərin yenidən 100 dollara yaxınlaşmasını şərtləndirdi.
Bu gün London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,81 dollar artaraq 95,6 dollar olub. Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 0,27 dollar artaraq 91,55 dollar təşkil edib.
“The Wall Street Journal” yazır ki, Avropa Hörmüz boğazının bağlı qalmasından narahatlıq keçirərək ABŞ-nin iştirakı olmadan boğazı açmaq üçün plan hazırlayır. Bu işin təşəbbüskarı Fransa ilə Böyük Britaniyadır. Yaxın günlərdə Avropa dövlətlərindən ibarət koalisiya yaradılacaq. Koalisiya üzvləri ilk növbədə boğazın minalardan təmizlənməsi işlərini həyata keçirəcək.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, yaradılacaq koalisiya beynəlxalq müdafiə missiyasını yerinə yetirəcək və münaqişədə tərəf olanlar (ABŞ, İsrail, İran) bu koalisiyada yer ala bilməzlər.
Son 24 saat ərzində boğazdan 20 gəmi keçib ki, onlardan da 4-ü neft daşıyan tanker olub. Lakin tankerlərin boş, ya dolu olması bəlli deyil.
OPEC-in bəyanatına görə, Yaxın Şərqdə hərbi əməliyyatlar başlayanda problem neftin nəql olunmasında idi. Yaxın Şərqdə neft sənayesi infrastrukturunun bombalanması hasilatı da azaldıb. Səudiyyə Ərəbistanı, Qətər və Küveytdə zavodların, yataqların raket zərbəsinə məruz qalması onların bağlanmasına, hasilatın aşağı düşməsinə səbəb olub ki, bu da özünü qiymət artımında göstərir.













