Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bir neçə həftədir ki, Orta Asiya ölkələrinə gedən təxminən 4000 yük maşını boş dayanacaqda qalır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə «Azadlıq Radiosu»nun tacik xidməti məlumat yayıb. Bildirilir ki, İran müaribəsi səbəbindən Avropa ilə Orta Asiya arasında İrandan keçən quru yolu bağlanıb. Nəticədə, yüklərin əsas hissəsi Xəzər dənizindən keçmək üçün Azərbaycanın Ələt limanındakı bərə terminalına yönləndirilib, lakin mövcud infrastruktur tələbatı ödəyə bilmir.
Sürücülər bildirirlər ki, liman ərazisindəki 10 hektarlıq dayanacaq demək olar ki, doludur, hazırda burada orada 3500-4000 arasında TIR park edilib. Onlar Türkiyə və Avropa ölkələrindən Orta Asiya respublikalarına mal daşıyırlar.
«Azadlıq Radiosu»nun tacik xidməti bildirir ki, Tacikistana mal daşıyan TIR-lar da Ələtdə artıq iki həftədən çoxdur ki, ilişib qalıb. Tacikistandan olan Səməndər adlı sürücü izah edir ki, döyüşlərdən əvvəl türkmən və türk yük maşınları quru yolu ilə Azərbaycandan İrana, oradan isə Türkmənistana və regionun digər ölkələrinə gedirdi. Müharibə başladıqdan sonra əksər daşıyıcılar Xəzər dənizindən alternativ yol seçməyə məcbur oldular və bu da limanda böyük növbələrə səbəb oldu.
Mərkəzi Asiya respublikalarına gedən yük maşınları Qazaxıstan və Türkmənistan limanlarına bərə ilə çatmağa çalışır. Adının çəkilməsini istəməyən başqa bir tacik sürücüsü bildirib ki, 14 gündən çoxdur ki, Türkmənistana gedən bərəni gözləyir və hələ də dəqiq nə vaxt yola düşəcəyini bilmir. Gecikmələr Ələt limanının, xüsusən də yük maşınlarının məhdud tutumu ilə əlaqədardır. O bildirib ki, Ələtdən Türkmənistana bərənin getməsi təxminən 12 saat çəkir. Bu marşrut İrandan keçən quru yolundan daha uzun və daha bahadır, çünki dəniz yolu əlavə xərc tələb edir.
Açıq mənbələrə görə, Bakı ilə Türkmənistan arasında gündə orta hesabla 15 bərə işləyir və 100-300 ağır tonnajlı avtomobil (TIR) daşıyır.
Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda çətinlişən nəqliyyat marşrutları səbəbindən Azərbaycandan keçən Orta Dəhlizə (TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu) maraqa kəskin artmışdı. ABŞ və İsrailin İrana hücumu nəticəsində başlayan müharibədən sonra isə İran ərazisi ilə daşımaları qeyri-mümkün edib və nəticədə bütün nəqliyyat axınları Azərbaycana yönəlib.

Məhz bu səbəbdən Azərbaycandan keçən yüklərin həcmi artıb, paralel olaraq konteynir qıtlığı və marşrutdakı gərginlik səbəbindən daşıma qiymətlərində də artım baş verib.
Bu barədə FED.az-ın hazırladığı məqaləni buradan oxumaq olar.







![Ələtdə 4 000-dən artıq TIR toplanıb –[red] ÖLKƏDƏN ÇIXA BİLMİR[/red] | FED.az](upload/news/small/2671891.jpg)
![Ələtdə 4 000-dən artıq TIR toplanıb –[red] ÖLKƏDƏN ÇIXA BİLMİR[/red] | FED.az](upload/news/small/4918244.jpg)
![Ələtdə 4 000-dən artıq TIR toplanıb –[red] ÖLKƏDƏN ÇIXA BİLMİR[/red] | FED.az](upload/news/small/1338845.jpg)
![Ələtdə 4 000-dən artıq TIR toplanıb –[red] ÖLKƏDƏN ÇIXA BİLMİR[/red] | FED.az](upload/news/small/1784236.jpeg)








