Azərbaycanın əsas aviasiya daşımaları operatoru, dövlətə məxsus Azərbaycan Hava Yolları (AZAL) şirkəti 2023-cü ilin nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına əsasən xəbər verir ki, quru seərhədlərinin bağlı olması və təyyarə uçuşlarının xaricə səyahət üçün yeganə imkan olması fonunda 2023-də AZAL-ın gəlirləri kəskin artıb, xalis mənfəəti daha da yüksəlib. Özü də bütün bunlar AZAL-ın dövlətdən subsidiyalarının kəskin azalması fonunda baş verib.
Subsidiya azalsa da, gəlirləri artmaqda davam edib
Belə ki, 2023-cü ildə AZAL-ın gəlirləri 1 milyard 473 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 323 milyon manat və ya 28% artıqdır. AZAL 2023-cü ildə də dövlətdən subsidiya almaqda davam edib, amma onun məbləği 5 dəfə azalaraq 2022-ci ildəki 109 milyon manatdan 21 milyon manata enib.
Ötən il şirkətin əməliyyat xərcləri də artaraq 1 milyard 177 milyon manata yüksəlib, bu əvvəlki illə müqayisədə 137 milyon manat və ya 13% artıqdır.
117 milyon xalis mənfəət!
Nəticədə şirkətin əməliyyat mənfəəti 318 milyon manata yüksəlib. 2023-cü ildə AZAL-ın maliyyə xərcləri 59 milyon manat artaraq 161 milyon manat, xarici valyuta ilə əməliyyatlardan zərəri isə 2 dəfə artaraq 11 milyon manat olub.
28,8 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra AZAL 2023-cü ili 1177 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bu 2022-ci ildən artıqdır – həmin ili AZAL-ın xalis mənfəəti 110,6 milyon manat olmuşdu.
AZALın aktivləri 400 milyon manat yüksəlib
2023-cü ildə AZAL bir qədər də böyüyüb, şirkətin ümumi aktivləri 400 milyon manat artaraq 2 milyard 640 milyon manata yüksəlib.
Ötən il AZAL-ın əmlak və avadanlıqlarının dəyəri 240 milyon manat yüksələrək 1 milyard 461 milyon manata yüksəlib.
Ticarət və debitor borcları isə 130 milyon manat artıb, indi AZAL-ın 390 milyon manata yaxın alacağı var.
Şirətin nağd pul vəsaitləri də təqribən 125 milyon manat və ya 2,5 dəfə artaraq 215 milyon manata yüksəlib.
Kapitalı «mənfi»də olsa da, vəziyyət düzəlməyə gedir
Son illər mənfəətlə işləməsinə baxmayaraq əvvəlki illərin zərərinə görə, AZAL-ın 1,6 milyard manata yaxın yığılmış zərəri var və şirkətin cəmi kapitalı hələ də mənfidədir.
Bunun səbəbi AZAL-ın 2021-ci ilədək olan dövrdə ardıcıl olaraq zərərlə işləməsi, eləcə də 2015-2016-cı illərdə Azərbaycan manatının devalvasiyası olub. Məsələ bundadır ki, devalvasiya nəticəsində AZAL-ın maliyyə institutları qarşısındakı öhdəliklərinin və kreditlərinin manat ifadəsində kəskin artmasına səbəb olub.
Bura AZAL-ın həm xarici banklardan aldığı kreditlər, həm də dövlətdən və yerli banklardan dollarla aldığı kreditlər aiddir. Devalvasiya nəticəsində bu kreditlərin manatla ifadəsi kəskin artıb və AZAL-a əlavə yük yaradıb.
Bununla yanaşı, aparılan islahatlardan sonra 2022-ci ildən başlayaraq AZAL mənfəətlə işləməyə başlayıb. O cümlədən COVİD-19-dan əvvəlki gəlirlərini 146% və 110% artırıb.
Nəticədə, 2023-cü ilin sonunda AZAL-ın yığılmış zərəri 200 milyon manat azalıb, mənfi cəmi kapitalı isə 250 milyon manat aşağı düşüb.
Kapitaldakı «mənfi»ni bu il ləğv edəcək
Hesabatda bildirilir ki, AZAL kapitaldakı bu kəsiri 2025-ci ildə aradan qaldıracağına əmindir.
Yeri gəlmişkən, hesabatdan aydın olur ki, AZAL rəhbərliyi gələcəkdə kapital çatışmazlığını aradan qaldırmaq üçün ehtiyac olarsa, bəzi təyyarələri və ehtiyat mühərrikləri sata da bilər.
Təqribən 2 milyard dollar öhdəliyi və kreditləri var
2023-ci ildə AZAL-ın öhdəlikləri təqribən 150 milyon manat artaraq 3 milyard 169 milyon manata yüksəlib.
2023-cü ildə AZAL-ın dövlət, daha dəqiqi Maliyyə Nazirliyi qarşısında 1 milyard 791 milyon manat borcu var, bunun 1 milyard 213 milyon manatı qısamüddətli borcdur. Eyni zamanda AZAL-ın bu kredit üzrə 552 milyon hesablanmış faiz borcu var.
Ötən il AZAL uzunmüddətli borc öhdəliklərini 50 milyon manat azaldıb, əvəzində qısımüddətli öhdəlikləri 320 milyon manat artırıb.
Eyni zamanda şirkət icarə öhdəliklərini 207 milyon manat azaldaraq 330 milyondan 123 milyon manata enidirib.
Dövlət 146 milyon manat dəstək verib
2023-cü ildə AZAL dövlət dəstəyi almaqda davam edib. Belə ki, hesabata əsasən, ötən il AZAL dövlətdən 146 milyon manat alıb. Bu vəsait AZAL-a fəaliyyətini davam etdirmək, əmək haqlarını ödəmək və gələcəkdə alınacaq təyyarələrin ödənişlərini həyata keçirmək üçün verilib. Dövlət vəsaitləri 2 hissədə ayrılıb. Bunun 21 milyon manatı subsidiya olaraq, 125 milyon manat isə əlavə ödənilən kapital olaraq şirkətin kapitalına əlavə edilib.