Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 14) təsis edilib.
Bu barədə FED.az AZSTAND-a istinadən xəbər verir.
Bildirilib ki, Texniki Komitənin yaradılmasında əsas məqsəd mebel sənayesi sahəsində istifadə olunan məhsulların, o cümlədən istehsal proseslərinin milli və beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin məhsul keyfiyyətinin artırılması, təhlükəsizlik və rəqabətqabiliyyətliliyin yüksəldilməsi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsidir.
AZSTAND/TK 14-ün tərkibinə Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə yanaşı, müvafiq dövlət qurumlarının nümayəndələri də daxil edilib.
Qeyd edək ki, “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 14) Azərbaycan Prezidentinin 23 yanvar 2023-cü il tarixli, 3721 nömrəli Sərəncamı ilə təsdiq olunan “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutunun müvafiq qərarı əsasında yaradılıb.