Dünyanın 1 nömrəli texnologiya-təhsil mərkəzi – Masaçusets Texnologiya İnsitutunun məzunu Tural Bədirxanlı Amerikada yaşayır. Həmyerlimizin 2 həmkarı ilə birgə yaratdığı interaktiv reklam proqramı “Twitter” onlayn sosial şəbəkəsinə 50 milyon dollara satılıb.
Nyu-York şəhərinin sakini olan Tural Bədirxanlı 1986-cı ildə Quba şəhərində müəllim ailəsində doğulub. İlk təhsilini Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəbdə alıb, Quba Özəl Türk Liseyini bitirdikdən sonra xaricdə təhsil almaq istəyi onu Türkiyənin Boğaziçi Universitetinə gətirir, bu təhsil oçağının fizika fakültəsinin tələbəsi olur.
Orada 1 il oxuduqdan sonra Amerikada təhsilin üstünlüklərini öyrənərək, oraya yönəlir. Harvard, MTT, Prinston, Yale kimi məşhur universitetlərin verdiyi bu imkanlardan faydalanmağa çalışan Tural sənədlərini Masaçusets Texnologiya İnstitutuna göndərir və bu ali təhsil ocağının tələbəsi adını qazanaraq okeanın o tayına yollanır. Magistratura pilləsi üzrə də burada təhsil alır və 2 ilə yaxın “Google” şirkətində çalışır.
Sonra “Google”dan ayrılan Tural Silikon Vadisinin imkanlarından bəhrələnmək niyyətinə düşür. Külli mentor resurslarına, yaxşı ideyalara sahib çıxan iri şirkətlərin toplandığı, böyük investisiya kapitalının rəqabətdə olduğu məkan kimi şöhrətlənmiş “Silikon Vadisi” onun həyatında yeni mərhələ olur.
Tural almaniyalı və amerikalı 2 həmkarı ilə həmtəsisçisi olduğu “Namo Media” interaktiv reklam proqramını yaradanda onların hədəfi bütün şəbəkələrdə bu proqram vasitəsilə reklamların fərqli formatda təqdim edilməsinə nail olmaq idi. Bu proqram “iPhone”, “Android” telefonlarına yazılan applikasiya sahiblərinə reklamdan çox böyük gəlir əldə etmək imkanı yaradırdı. O vaxta kimi bu formatda reklamlardan yalnız “Facebook” və “Twitter” kimi iri şirkətlər bəhrələnə bilirdi. Nəhayət, ciddi axtarış və səylərdən sonra “Native advertisement” (Təbii reklam) adlanan bu reklam formatı yaradılır və 2015-ci il iyunun 7-də “Twitter” “Namo Media”nı aldığını elan edir...
Beləliklə, Tural Bədirxanlı və həmkarı ABŞ-da interaktiv reklam proqramını çox yüksək məbləğ müqabilində “Twitter”-ə satırlar.
“Twitter”-in Nyu-York ofisi qurulur, yeni ideyalar, imkanlar meydana çıxır və onların üzərində işləməyin vacibliyi yaranır. “Twitter” yeni uğur və yeni ideyalarının reallaşdırılması üçün həmvətənimizə əməkdaşlıq təklif edir. “Solidshape" şirkətinin həmtəsisçisi və baş direktoru olan Tural Bədirxanlı hazırda da “Twitter”-lə işbirliyini və tədqiqatlarını uğurla davam etdirir.
Gənc milyonçu müsahibəsində bildirir ki, qazanılan pul onun üçün kifayət qədər sərbəstlik yaradan faktordur.
“Buna görə də pula həmişə istədiyim bir işə sahib olmaq və fikirlərimi reallaşdırmaq üçün lazımlı bir vasitə kimi baxmışam və bu faktı bu gün də belə dəyərləndirirəm. Hələ Google-da olanda əlimə bəlli bir vəsait gəldi və ilk qərarım işdən çıxmaq oldu. Ətrafdakıların qınağına tuş gələrəm deyə, bu barədə heç kəslə məşləhətləşmədim. Niyə? Çünki yeni ideyaları reallaşdırmaq üçün sərbəstlik və vaxt lazım idi. Bu gün də pul mənim üçün tətbiq vasitəsidir, sadəcə ideya və planların olmalıdır...”
Məşhur “Silikon vadisi”nin “Google”, “Twitter” kimi şirkətlərində çalışmış Tural Bədirxanlı Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib, 2022-ci il mayın 26–29-da Bakıda “TEKNOFEST Azərbaycan” layihəsi çərçivəsində keçirilən “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib, Azərbaycanda yerli startap ekosistemi, startapların qurulması zamanı yaranan çətinliklər və texnologiya sahəsi ilə bağlı fikirlərini bölüşüb, əməkdaşlıq üzrə təkliflərlə çıxış edib. "Teknofest"in ölkəmizdə keçirilməsini Azərbaycan gəncliyi üçün texnologiyanı öyrənməsi, inkişaf etdirilməsi üçün çox böyük addım adlandıran gənc azərbaycanlı “TurkicWorld”-a açıqlamasında qeyd edib ki, dünyada texnologiya artıq mühim bir alətə çevrilib. Onu bilməyən, öyrənməyən gənclik dünyada uğur qazana bilməz. Bunun üçündə “Teknofest”in Azərbaycanda keçirilməsi, “Baykar”ın burada müəyyən işlər görməsi çox dəyərlidir. Bu, Azərbaycan gəncliyi üçün texnologiyanı öyrənmək, inkişaf etmək üçün çox böyük bir fürsətdir.
Sonda bir faktı da qeyd edək ki, Tural Bədirxanlı ABŞ-ın Fordhem Universitetində təhsil alan soydaşımız Gültəkin Qaradağlı ilə ailə həyatı qurub. Xatırladaq ki, Gültəkin Qaradağlı ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızıdır (Xalq Qəzeti).