Televiziya tarixinin ən çox izlənilən serialarından olan «Game of Thrones»in son bölümündə buraxılan bir səhv sensasiya yaradıb.
FED.az xəbər verir ki, hadisələrin xəyalı bir dünyada baş verdiyi «Game of Thrones»in 8-ci sezon 4-cü bölümündə bir səhnədə yer alan Starbucks fincanı diqqətli izləyicilərin gözündən yayınmayıb. Həmin səhnədə, serialın əsas qəhrəmanlarının dialoqunda masanın üstündə Starbucks fincanı görünür.
Məşhur qəhvə şirkətinin stəkanının ekrana necə yol tapdığı bilinmir və serial istehsalçıları internetdə olan bölümdən fincanı rəqəmsal olaraq götürüblər.
Amma Starbucks qəhvəsinin göründüyü versiya milyonlarla izləyici tərəfindən izlənilib. Təbii ki, belə bir iddialı seriyalda edilən bəsit bir səhvin nəticəsində, şaiələr də başlayıb. Sosial mediyada bir çox istifadəçi seriyalı yayımlayan HBO-nu gizli reklam etməklə ittiham edib.
Yeri gəlmişkən, serialın qəhrəmanlarının bundan əvvəl də çəkiliş meydançasında əllərində Starbucks fincanları ilə şəkilləri yayılmışdı. Bu faktın özü də tənqidləri daha da artırıb.
«HBO» isə belə bir gizli reklam anlaşmasının olmadığını bildirib və elan edib ki, baş verən hadisə aktyorlar üçün gətirilən qəhvədən biri sadəcə gözdən qaçıb.
Hollivud filmləri ilə reklam müqavilələri bağlayan marketinq firması «Hollivud Branded»in CEO-su Stacy Jones mövzuyla bağlı verdiyi açıqlamada bildirib: «Əgər bir gün belə bir reklam anlaşması olsaydı «Starbucks» şirkəti HBO-ya 250 min ilə 1 milyon dollar arasında bir məbləğ ödəməli olacaqdı».
O həmçinin bildirib ki, HBO məhsul yerləşdirmə müqavilələri bağlamır. Təbii ki, bir reklam müqaviləsinin bağlanmaması o demək deyil ki reklam edilməyib. Stacy Jonsun «Critical Mention»dan əldə etdiyi məlumatlara görə məlum səhvin «Starbucks» üçün ümumilikdə reklam dəyəri 2,3 milyard dollara çatıb - bu reklam tarixinin ən böyük məbləğlərindən biridir.
Mütəxəssislər bildirir ki, «Starbucks» fincanı səbəbindən normalda serialı izləməyən insanların da «Game of Thrones»ə diqqəti yaranıb.
Belələri serialla bağlı «Twitter»də çoxsaylı tvitlər atıblar.
Yəni bu səhv «reklamın yaxşısı pisi olmaz» ifadəsini doğruldaraq hər iki tərəfə müsbət təsir göstərib. Serialın istehsalçısı Bernie Caulfield səhv üçün üzr istəyərək zarafatyana bildirib: «Əslində Westeros ilk Starbucksın açıldığı yerdir».