Bakıda süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar və qanunsuz etiketlər aşkarlanıb.
FED.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, yoxlama Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 14 ünvanında yerləşən, fiziki şəxs Aysel Cümşüdovaya məxsus müəssisədə aparılıb.
Yoxlama zamanı müəssisənin müvafiq təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl olunmadığı müəyyən edilib.
Bundan başqa, tərkibində qaymaq olmayan məhsulun üzərində “Qaymaqlı şor” yazıldığı aşkarlanıb. Bakıda istehsal edilən məhsulların etiketlərində isə “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” kimi adlardan istifadə olunaraq istehlakçıların aldadıldığı müəyyən edilib.
Müəssisədə həmçinin “Çinar”, “Cantəpə”, “Fermer.V.D İvanuşka”, “Fermer” və “Emay” əmtəə nişanlarına aid etiketlər, kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb.
İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub. Aşkarlanan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.




















