Azərbaycanda neft bumu və neft gəlirlərinin neft quyuları kimi fontan vurması dövrü başa çatmaq üzrədir. Neft hasilatının pikinin keçilməsi və getdikcə aşağı düşməsi nəticəsində artıq neft gəlirləri hesabına dövlət büdcəsini sürətli böyütmək mmükün olmayacaq.
FED.az xəbər verir ki, bir neçə gün əvvəl hökumət 2025-ci il və ondan sonrakı 3 il üzrə büdcə və iqtisadi proqnozlarını açıqlayıb.
Hökumətin hesablamalarından məlum olur ki, artıq gələn ildən etibarən ölkə sabit həcmli büdcə rejiminə keçir, yəni büdcənin gəlir və xərcləri sabitləşəcək və bu göstəricilərdə əvvəlki illərdə olduğu kimi, ciddi artım olmayacaq.
İlk növbədə gəlirlər:
Hökumətin proqnozlarına görə, dövlət büdcəsinin gəlirlər hissəsi 2025-ci ildə əvvəlki illə müqayisədə 1,9 milyard manat artaraq 38 milyard 316 milyon manata çatacaq, amma bununla da büdcənin iri rəqəmlərlə böyüməsi prosesi dayanaacq. Belə ki, proqnozlara görə, 3 il ərzində – 2028-ci ildə büdcənin gəlirləri cəmi 1,4 milyard manat artacaq və heç 2028-ci ildə də 40 milyard manata çatmayacaq.
Bu dövrdə büdcə gəlirlərinin yeganə artan maddəsi qeyri-neft sektoru olacaq. Hökumətin hesablamalarına görə, ölkədə aparılan islahatlar və İqtisadiyyat Nazirliyi başda olmaqla, iqtisadi blok tərəfindən görülən işlər nəticəsində qeyri-neft sektoru büdcəin əsas hissəsini təmin edə biləcək.
Nəticədə ilk dəfə olaraq büdcənin qeyri-neft gəlirləri Neft Fondunun büdcəyə transfertləri də daxil olmaqla neft sektorundan gələn gəlirləri üstələyəcək. Bu illər ərzində qeyri-neft sektorundan büdcəyə daxil olmalar 19,5 milyard manatdan 24 milyard manata yüksəlməlidir.
Qalan bütün gəlir mənbələrində azalma nəzərdə tutulur. Belə ki, büdcənin sırf neftdən toplanan vergi gəlirləri 3,8 milyard manatdan 3,№ milyard manata düşəcək.
Neft Fondundan büdcəyə ayrılan pullar da ilbəil azalaraq 2025-ci ildəki 14 milyard manatdan 2028-ci ildə 12 milyard manata düşəcək.
Əvvəlki dövrlərlə müqayisə etsək, qarşıdakı 4 ildə büdcənin artım sürəti bundan əvvəlki 4 illə müqayisədə 4 dəfə azalacaq.
Belə ki, 2021-2024-cü illərdə dövlət büdcəsinin gəlirləri təqribən 11 milyard manat və ya 40% artmışdı.
2025-2028-ci illərdə isə büdcənin gəlirləri cəmi 1,4 milyard manat və ya 3,7% artacaq. Hətta 2026-cı ildə büdcə gəlirlərinin azalması gözlənilir. Yeri gəlmişkən, bu səbəbdən 2026-cı ili büdcənin neft rejimindən qeyri-neft rejiminə keçidinin ilk sınaq ili kimi də qiymətləndirmək olar.
Dövlət büdcəsinin gəlirləri üzrə vəziyyət 2018-ci ildən başlayaraq və 2025-2028-ci illər üzrə proqnozu ilə birlikdə aşağıdakı kimidir.
- 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 766 milyon manat
- 2018-ci il dövlət büdcəsinin gəlirləri 22 149 milyon manat – artım 5383 milyon manat və ya 32%
- 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 milyon manat – artım 1019 milyon manat və ya 4,6%
- 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 milyon manat – artım 956 milyon manat və ya 4,1%
- 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427 milyon manat – artım 1303 milyon manat və ya 5,4%
- 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 198 milyon manat – artım 3771 milyon manat və ya 14,8%
- 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 779 milyon manat – artım 4581 milyon manat və ya 15,7%
- 2024-cü il dövlət büdcəsinin gəlirləri 36 388 milyon manat – artım 2609 milyon manat və ya 7,7%
- 2025-ci il dövlət büdcəsinin (proqnoz) gəlirləri 38 316 milyon manat –artım 1928 milyon manat və ya 5,3%
- 2026-cı il dövlət büdcəsinin (proqnoz) gəlirləri 38 123 milyon manat – azalma 193 milyon manat və ya 0,5%
- 2027-ci il dövlət büdcəsinin (proqnoz) gəlirləri 39 152 milyon manat – artım 1029 milyon manat və ya 2,7%
- 2028-ci il dövlət büdcəsinin (proqnoz) gəlirləri 39 753 milyon manat – artım 601 milyon manat və ya 1,5%.
Büdcə xərclərinin də artımı dayanır:
Oxşar proseslər dövlət büdcəsinin xərclərində də baş verəcək. İndiyədək müşahidə olunan büdcə xərclərinin sürətli artım prosesi 2025-2028-ci illərdə dayanacaq, büdcənin xərcləri 41-42 milyard manat arasında dəyişəcək.
Belə ki, bundan əvvəlki 4 ildə – 2021-2024-cü illərdə büdcənin xərcləri 11,2 milyard manat və ya 40% artaraq 28,5 milyard manatdan 39,7 milyard manata yüksəlmişdi.
Bundan sonrakı 4 ildə - 2025-2028-ci illərdə isə büdcə xərclərinin cəmi 1 milyard manat və ya 2,24% artımı gözlənilir. Nəticədə büdcənin xərc hissəsi 2025-ci ildəki 41,4 milyard manatdan 2028-ci ildə 42,4 milyard manata yüksələcək.
Gəlirlərdə olduğu kimi, 2026-cı ildə büdcənin xərclərinin də azalacağı gözlənilir. Sonra yenə artım bərpa olunur - amma bu göstərici cüzi rəqəmlərlə ölçülür.
Xərclərin detallarına gəlincə, bu dövrdə cari xərclər – maaşlar və inzibati xərclər artmaqda davam edəcək və 2025-ci ildəki 24,8 milyard manatdan 2028-ci ildə 27,6 milyard manata yüksələcək.
Xərclərdə kəskin azalma olan maddə Əsaslı vəsait qoyuluşu – yəni investisiya yatırımları, daha dəqiqi Qarabağın bərpası üçün ayrılan xərclərdə hiss olunacaq. Belə ki, bu rəqəm 2025-ci ildəki 14 milyard manatdan 2028-ci ildə 11,8 milyard manata enəcək.
Artım olacaq digər xərc maddəsi dövlət borcu üzrə ödənişlərdir – hökumət 2025-ci ildə 2,4 milyarddan başlayaraq hər il bu məysədlə təqribən 3 milyard manat ayıracaq.
Dövlət büdcəsinin xərcləri üzrə vəziyyət 2018-ci ildən başlayaraq və 2025-2028-ci illər üzrə proqnozu ilə birlikdə aşağıdakı kimidir:
- 2017-ci il dövlət büdcəsinin xərcləri 17 941 milyon manat
- 2018-ci il dövlət büdcəsinin xərcləri 23 100 milyon manat – artım 5159 milyon manat və ya 28%
- 2019-cu il dövlət büdcəsinin xərcləri 25 190 milyon manat – artım 2090 milyon manat və ya 9%
- 2020-ci il dövlət büdcəsinin xərcləri 27 492 milyon manat - artım 2300 milyon manat və ya 9%
- 2021-ci il dövlət büdcəsinin xərcləri 28 543 milyon manat – artım 1051 milyon manat və ya 3% artım
- 2022-ci il dövlət büdcəsinin xərcləri 32 304 milyon manat – artım 3761 milyon manat və ya 13% artım
- 2023-cü il dövlət büdcəsinin xərcləri 36 569 milyon manat – artım 4265 milyon manat və ya 13%
- 2024-cü il dövlət büdcəsinin xərcləri 39 742 milyon manat – artım 3 173 milyon manat və ya 8%
- 2025-cı il dövlət büdcəsinin xərcləri 41 368 milyon manat – artım 1626 milyon manat və ya 4,1% artım
- 2026-cı il dövlət büdcəsinin xərcləri 40 797 milyon manat – azalma 571 milyon manat və ya 1,4%
- 2027-ci il dövlət büdcəsinin xərcləri artım 41 791 milyon manat – artım 994 milyon manat və ya 2,4%
- 2028-ci il dövlət büdcəsinin xərcləri artım 42 378 milyon manat – artım 587 milyon manat və ya 1,4%