Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birgə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanun layihəsi hazırlayıb. Layihənin ödəniş ekosistemində yeni tənzimləmə çərçivəsini formalaşdıracağı gözlənilir.
FED.az xəbər verir ki, layihədə elektron pul emissiyası və istifadəsi üzrə hüquqi bazanın formalaşdırılması, valyuta təchizatçılarının fəaliyyətinin lisenziyalaşdırılması proseduru, elektron ödənişlərlə bağlı vətəndaşların məlumatlandırılması prosesi, problemli halların həlli və digər məqamlar əksini tapıb. Qanun layihəsinin detalları barədə suallarımızı Palatanın Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov cavablandırıb.
Eləcə də bax: Mərkəzi Bank rəqəmsal ödəşilərin hesabatını açıqladı -“41% ARTIM OLUB”
- Tamerlan müəllim, "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi ödəniş sistemində hansı dəyişikliklərə səbəb olacaq?
- Qanun layihəsi ödəniş xidmətlərinin klassifikasiyasını, bu xidmətlərin ödəniş xidməti təchizatçıları tərəfindən göstərilməsi zamanı hüquq və vəzifələri, habelə ödəniş ekosistemində təmsil olunacaq ödəniş təşkilatları, elektron pul təşkilatları və ödəniş sistemi operatorlarının yaradılması və fəaliyyətlərinin iqtisadi, hüquqi və təşkilati əsaslarını, həmçinin bu təşkilatlar üzərində həyata keçiriləcək dövlət tənzimlənməsi və nəzarətinin əsas aspektlərini müəyyən edir. Hazırda ölkədə mövcud olan bank olmayan ödəniş xidməti təchizatçılarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti də bu qanun əsasında həyata keçiriləcək.
- Qanun layihəsində hansı növ ödəniş xidmətləri müəyyən edilib?
- Xidmətlərin çeşidləri genişdir. Buraya daxildir:
- Pul vəsaitlərinin ödəniş hesabına nağd formada mədaxil və (və ya) məxaric edilməsi üzrə xidmətlər, habelə həmin ödəniş hesabı üzrə digər əməliyyatların aparılması;
- Ödəniş tapşırığı, birbaşa debetləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
- Ödəniş alətlərinin, o cümlədən elektron pulun emissiyası və (və ya) ekvayrinqi;
- Pul köçürmələri;
- Ödəniş xidməti istifadəçisinin digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının qəbulu və ötürülməsi.
- Qanunun əsas əhəmiyyəti nə olacaq?
- Qanun layihəsinin qəbul olunması ödəniş sistemləri sahəsində risklərin daha effektiv idarə olunması, ödəniş xidmətlərinin təhlükəsiz və effektiv formada təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi sahəsində prioritet hədəflərdən olan mikromaliyyə institutlarının ödəniş sistemlərinə inteqrasiyası və agent bankçılıq layihəsinin realizasiyası təmin ediləcək. Banklar, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən qarşılıqlı müqavilə əsasında agentlərin ödəniş xidmətlərinin göstərilməsinə cəlb edilməsi regionlarda, xüsusən, ucqar ərazilərdə maliyyə xidmətlərinə çıxış imkanlarını asanlaşdırmaqla, bu xidmətləri əlçatan və rəqabətə davamlı edəcək.
Ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş xidmətlərinin daha effektiv və təhlükəsiz formada göstərilməsinin təmin edilməsi məqsədilə qanun layihəsində ödəniş xidmətləri üzrə məlumatlandırma prinsipləri, ödəniş sərəncamının icrası və icrasından imtina, avtorizə edilməyən və ya səhv icra olunan ödəniş əməliyyatları üzrə həll prosedurları, habelə ödəniş alətləri üzrə ödəniş xidməti təchizatçılarının və ödəniş xidməti istifadəçilərinin hüquq və vəzifələri, məsuliyyət dərəcələri müəyyən edilib.
Bu qanun layihəsi yuxarıda sadalanan ödəniş xidmətlərinin bank olmayan ödəniş xidməti təchizatçıları tərəfindən həyata keçirilməsinə imkan verəcək. Göstərilən ödəniş xidmətləri mövcud təşkilatların fəaliyyətinin əhatə dairəsinin genişlənməsini və yeni müştəri seqmentinin cəlb edilməsini təmin edəcək. Ödəniş xidmətləri üzrə son hesablaşmalar isə banklar vasitəsilə həyata keçiriləcək. Belə bir qarşılıqlı fəaliyyət çərçivəsində fintexlərlə banklar arasında əməkdaşlıq daha da genişlənəcək. Qabaqcıl beynəlxalq təcrübə əsasında ödəniş xidmətlərinin bank olmayan ödəniş xidməti təchizatçıları tərəfindən göstərilməsinin hüquqi bazasının formalaşdırılması innovativ həllərin tətbiqinə və rəqəmsal ödənişlərin daha effektiv formada həyata keçirilməsinə üstünlük verən fintexlərin yaranmasına imkan verəcək. Həmçinin, formalaşdırılacaq rəqabət mühiti də fintexlərin fəaliyyətinin genişləndirilməsini stimullaşdıracaq.
- Qanun layihəsi elektron ödənişlərdə yeni ödəniş alətlərinin tətbiqinə imkan verəcəkmi?
- Rəqəmsal ödənişləri rəqabət qabiliyyətli və effektiv edən amillərdən biri də innovativ ödəniş alətlərinin tətbiq edilməsi, habelə mövcud ödəniş alətlərinin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsidir. Qanun layihəsinin qəbul olunması ödəniş ekosistemində elektron pul təşkilatı kimi təşkilatların yaranmasına, elektron pulun emissiyası və istifadəsi üzrə hüquqi bazanın formalaşmasına imkan verəcək. Burada, həmçinin elektron pul ilə həyata keçiriləcək hesablaşma proseslərinin tənzimlənməsi təmin ediləcək və elektron pulun emissiyasına başlanılması üçün lisenziyanın alınması tələb ediləcək. Lakin banklara və poçt rabitəsi milli operatoruna münasibətdə bu tələb məlumatlandırma ilə əvəz edilib. Elektron pulun ödəniş aləti kimi istifadəsində əsas məqsəd ölkədə elektron ticarətin inkişafı və müxtəlif pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunmasıdır. Paralel olaraq bu gün birbaşa debetləşmə ödəniş alətinə oxşar mexanizm əsasında tədbiq edilən ödəniş tələbnamə-tapşırığının tətbiqinə yenidən baxılaraq təkmilləşmələrin aparılması zəruri olacaq.
- Qanun layihəsi hazırlanarkən hansı qabaqcıl ölkələrin təcrübəsinə müraciət edilib?
- "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsinin hazırlanması üçün texniki ekspertiza çərçivəsində Dünya Bankından ekspertlər cəlb olunaraq birgə fəaliyyət təmin edilib. Avropa Parlamenti və Avropa Şurası tərəfindən 25 noyabr 2015-ci il tarixində qəbul olunan "Daxili bazarda ödəniş xidmətləri" adlı 2015/2366 saylı və 16 sentyabr 2009-cu il tarixində qəbul olunmuş "Elektron pul təşkilatlarının fəaliyyətinin təşkil edilməsi və prudensial nəzarət haqqında" 2009/110/EC saylı direktivləri, həmçinin müxtəlif ölkələrin ödəniş sistemləri sahəsində qabaqcıl təcrübələri əsas götürülüb. Qanun layihəsinin hazırlanması məqsədilə Polşa, Bolqarıstan, Çexiya, Xorvatiya, İngiltərə, Latviya, habelə Hindistan, Malayziya, Ukrayna, Türkiyə, Gürcüstan, Rusiya Federasiyası kimi dövlətlərin təcrübəsi də araşdırılıb.
banco.az