2022-ci ildə dünyada hərbir xərclər 3,7% artaraq 2,24 trilyon dollara çatıb.
FED.az xəbər verir ki, bu barədə Stokholm Sülh problemlərinin araşdırılması üzrə beynəlxalq institutunun (SIPRI) hesabatında bildirilir.
Hesabata görə, Rusiyanın Ukraynaya hücumu və Şərqi Asiyadakı gərginlik dünya ölkələrini xərclərini artırmağa məcbur edib. Nəticədə dünyada hərbi xərclər ardıcıl 8 illir ki, artmaqdadır.
Hesabata əsasən dünyada ən böyük hərbi büdcəsi olan ölkələr ABŞ, Çin və Rusiyadır, bu üç ölkənin xərcləri dünyadakı ümumi hərbi xərclərin 56%-ni təşkil edir. Siyahıda 4-cü yeri Hindistan, 5-ci yeri Səudiyyə Ərəbistanı tutur. Bu 5 ölkə ümumi hərbir xərclərin 63%-ni təmin edirlər.
2022-də ABŞ-ın hərbi xərcləri 0,7% artaraq 877 milyard dollara, Çinin xərcləri 4,2% artaraq 292 milyard dollara, Rusiyanın hərbi xərcləri 9,2% artaraq 86,4 milyard dollara çatıb. Yeri gəlmişkən, Çinin hərbi xərcləri ardıcıl 28 illir ki, yüksəlməkdədir.
Hindistanda xərclər 6% artaraq 81,4 milyard dollara yüksəlib, Səudiyyə Ərəbistanında isə 16% artımdan sonra hərbi xərclər 75 milyard dollar olub.
Böyük Britaniyanın hərbi xərcləri 3,6%-lik artımdan sonra 2022-ci ildə 68,5 milyard dollar olub. Bu məbləğin 2,5 milyard dolları Ukraynaya yardımdır.
Ukraynanın özündə isə hərbi xərcləri 640% və ya 7,4 dəfə artıb ki, bu da institut tərəfindən hesablamalar aparıldığı 1949-cu ildən bəri ən yüksək göstəricidir. 2022-ci ildə Ukraynanın hərbi xərcləri 44 milyard dollara yüksəlib, 2021-də bu göstərici cəmi 5,9 milyard dollar idi. Nəticədə hərbi xərclər Ukrayna iqtisadiyyatının 34%-i qədər olub, 2021-ci ildə isə bu rəqəm 3,2% idi.
2022-də hərbi xərclərin ən sürətli artımı Avropada (13%) qeydə alınıb. Bu artım həm Avropa ölkələrinin Ukraynaya göstərdiyi yardım, həm də Rusiyanın aqressiyası ilə bağlı artan narahatlıqla bağlıdır. Nəticədə Mərkəzi Avropada hərbi xərclər 2022-ci ildə 345 milyard dollara yüksəlib. Bu 1989-cu ildən bəri Avropa ölkələrinin ən böyük hərbi xərcləridir. Hərbi xərclərdə ən ciddi artım Finlandiya (36%), Litvada (27%), İsveçdə (12%) və Polşada (11%) qeydə alınıb.
Ümumilikdə 2022-ci ildə NATO üzvlərinin hərbi xərcləri 0,9% artaraq 1 trilyon 232 milyard dollara yüksəlib.
2022-ci ildə Yaponiya hərbi məqsədlərə 2021-ci ildən 5,9% artıq vəsait sərf edib – 46 milyard dollar və ya ÜDM-nin 1,1%-i qədər- bu 1960cı ildən bəri ən yüksək göstəricidir.
Ötən il bir neçə ölkənin hərbi xərcləri azalıb, bunlardan biri Türkiyədir. Qardaş ölkədə hərbi xərclər ardıcıl 3 ildir ki, azalır və 2022-ci ildə də 265 azalaraq 10,6 milyard dollara enib.
Nigeriyada da 2021-ci ildə hərbi xərclər 56% artandan sonra, 2022-ci ildə bu göstərici 38% azalıb və 3,1 milyard dollara enib.