Azərbaycanda yeni komando qüvvələri yaradılacaq.
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib.
“Bizim həm komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin, hansı ki, müharibənin əsas yükünü öz üzərinə götürmüşdü, onların da sayını ən azı iki dəfə artırmışıq və artıracağıq”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
O vurğulayıb ki, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb.
“Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq. Yəni, onun sayını mən indi deyə bilmərəm, çünki hesab edirəm ki, bu, düzgün olmaz. Bununla paralel olaraq, onların sayı hələ artır. Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır”, - deyə prezident qeyd edib.
İ.Əliyevin sözlərinə görə, Avropanın ən böyük ölkələri, hansılar ki, ordu quruculuğuna ümumiyyətlə fikir vermirdilər, indi ordularını yaradırlar. “İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik. Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq”, - deyə dövlət başçısı əlavə edib.
O bildirib ki, Azərbaycan hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satır.
“Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik”, - deyə İ.Əliyev vurğulayıb.