Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 964,6 milyon manat təşkil edib ki, bu da proqnoza qarşı 206,5 milyon manat və yaxud 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 093,2 milyon manat və yaxud 6,5% çoxdur.
Eləcə də bax: Azərbaycanın büdcəsində 700 milyon manata yaxın kəsir yarandı
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 5 672,6 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 155,6 milyon manat və yaxud 2,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 63,8 milyon manat və yaxud 1,1% çoxdur. Həmin vəsaitin 74,9%-i və yaxud 4 249,9 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 1 il əvvələ nisbətən 321,1 milyon manat və yaxud 8,2% çoxdur.
Hesabat dövründə Dövlət Gömrük Komitəsi isə büdcəyə 2 955,3 milyon manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 33 milyon manat və yaxud 1,1% çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlərdən və sair daxilolmalardan isə büdcəyə müvafiq olaraq 373,9 və 110,3 milyon manat vəsait daxil olub.
Dövlət Neft Fondundan isə büdcəyə proqnozla nəzərdə tutulmuş məbləğdə, yəni 8 852,5 milyon manat vəsait transfert edilib.
2020-ci ilin iyul-sentyabr ayları üzrə büdcənin mədaxil proqnozu isə 5 941,8 milyon manat icra olunub.
Yanvar-sentyabrda dövlət büdcəsinin xərcləri isə proqnoza nisbətən 98,6% və yaxud 18 642,2 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 951,6 milyon manat və yaxud 11,7% çoxdur.
9 ay ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları qəbul edilmiş öhdəlikləri tam və vaxtında maliyyələşdirib.
İqtisadi təsnifata uyğun olaraq büdcə xərclərinin 38,5%-i və yaxud 7 171,7 milyon manatı sosialyönümlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% və yaxud 1 283 milyon manat çoxdur.
Hesabat dövründə büdcə xərclərinin 12 188 milyon manatı və yaxud 65,4%-i cari xərclər, 4 927,6 milyon manatı və yaxud 26,4%-i əsaslı xərclər, 1 526,6 milyon manatı və yaxud 8,2%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
2020-ci ilin iyul-sentyabr ayları üzrə büdcənin məxaric proqnozu isə 6 911,4 mlilyon manat icra olunub.
Yanvar-sentyabrda dövlət büdcəsinin kəsiri isə 677,6 milyon manat təşkil edib ki, bu da 1 156,6 milyon manatlıq proqnozdan 479 milyon manat və yaxud 41,4% azdır. Kəsirin örtülməsi nəzərdə tutulduğu kimi özəlləşdirmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin edilib. (Report)