Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin xərcləri 5 414,8 milyon manat proqnoza qarşı 5 523,7 milyon manat və yaxud 102 % icra edilib.
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 269,1 milyon manat və yaxud 5,1 % çoxdur.
Büdcə xərclərinin 4 020,5 milyon manatı və yaxud 72,8 %-i cari xərclər (illik müqayisədə 194,9 milyon manat və yaxud 5,1 % çox), 1 105,7 milyon manatı və yaxud 20 %-i əsaslı xərclər (80 milyon manat və yaxud 7,8 % çox), 397,5 milyon manatı və yaxud 7,2 %-i isə dövlət borcuna və öhdəliklərinə xidmət xərcləridir.
İqtisadi təsnifata uyğun olaraq I rübdə büdcə xərclərinin 48 %-i və yaxud 2 651,6 mln manat sosialyönümlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 milyon manat və yaxud 5,2 % çoxdur.
Büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanlarının qəbul etdiyi öhdəliklər tam və vaxtında maliyyələşdirilib. (Report)