Azərbaycanın Beynəlxalq Valyuta Fondundakı (IMF) SDR (Xüsusi Borcalma Hüquqları) ehtiyatlarının bir hissəsi gəlir məqsədilə investisiya olunub.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, 37,62 milyon SDR və ya 49 milyon ABŞ dolları Mərkəzi Bank tərəfindən valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsində əlavə gəlirlilik məqsədilə digər maliyyə alətlərinə investisiya olunub. Nəticədə, ölkənin IMF-dəki SDR ehtiyatlarının həcmi 451,49 milyon SDR-dən 413,87 milyon SDR-ə enib.
AMB vurğulayıb ki, valyuta ehtiyatlarının idarə olunması çərçivəsində ilk dəfə olaraq 2024-cü ildən etibarən SDR ehtiyatlarının investisiyasına başlanılıb. Bu yanaşma ehtiyatların daha səmərəli idarə olunmasına və əlavə gəlir imkanlarının reallaşdırılmasına xidmət edir.
Əlavə olunub ki, beynəlxalq bazarlarda əlverişli şərtlər yarandıqca, SDR vəsaitlərinin investisiyası təcrübəsinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, SDR (Special Drawing Rights – Xüsusi Borcalma Hüquqları) IMF tərəfindən yaradılmış beynəlxalq ehtiyat aktividir. SDR real pul vahidi deyil, lakin üzv ölkələr tərəfindən ehtiyat aktiv kimi saxlanılır və lazım olduqda ABŞ dolları, avro, funt-sterlinq, yen və yuan kimi valyutalara çevrilərək istifadə oluna bilər. SDR-lər IMF tərəfindən üzv ölkələrə kvotaya uyğun şəkildə ödənişsiz təqdim olunur və bu vəsaitlər Mərkəzi Bankların valyuta ehtiyatlarının bir hissəsini təşkil edir (Apa).