Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısının yalnız nağdsız qaydada həyata keçiriləcək həddi müəyyənləşir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.15-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib (APA).