Azərbaycanın enerji şirkəti “GL Group” MMC-də yeni kadr təyinatı həyata keçirilib. Aynur Namazova şirkətin Mühəndislik və layihələr üzrə direktoru vəzifəsinə təyin edilib.
FED.az xəbər verir ki, təyinat 12 noyabr 2026-cı il tarixindən qüvvəyə minib.
A.Namazova mühəndislik, layihələrin idarə edilməsi və EPCM (mühəndislik, satınalma və tikintinin idarə edilməsi) sahələrində 15 illik beynəlxalq təcrübəyə malikdir. O, Azərbaycan, Türkiyə, Rusiya və Avropada həyata keçirilən iri layihələrdə iştirak edib.
Namazova “GL Group”a təyin olunmazdan əvvəl “Glensol” şirkətində mühəndislik üzrə menecer vəzifəsində çalışıb. Onun peşəkar təcrübəsinə texnologiyaların transferi, istehsalat avadanlıqlarının idarə edilməsi, tədqiqat və inkişaf, müqavilələrin idarə olunması daxildir.
Yeni vəzifəsində o, şirkətin mühəndislik və layihə idarəetməsi fəaliyyətinin inkişafına, texniki standartların təkmilləşdirilməsinə, layihələrin icrasında keyfiyyətin və əməliyyat səmərəliliyinin təmin edilməsinə cavabdeh olacaq.
Aynur Namazova Bauman adına Moskva Dövlət Texniki Universitetində mexanika və istehsalat mühəndisliyi üzrə bakalavr və magistr təhsili alıb. Həmçinin istehsalat və səmərəli idarəetmə üzrə magistr dərəcəsinə və layihələrin idarə edilməsi ofisinin rəhbərliyi üzrə beynəlxalq sertifikata malikdir.
Qeyd edək ki, “GL Group” Azərbaycanda özəl enerji şirkətlərindən ibarət qrupdur. Şirkət Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında isə “Buzovna-Maştağa”, “Qala” və “Zirə” neft yataqlarının istismarını həyata keçirir. (Banker)













