Xam neft tələbatının bərpa olunması və qiymətlərin koronavirusdan əvvəlki səviyyəyə çatması fonunda dünyanın ən böyük 10 neft şirkəti ilin ilk rübündə 46,5 milyard dollar gəlir əldə edib.
Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
FED.az xəbər verir ki, epidemiyanın dünya miqyasında iqtisadiyyatlara mənfi təsirləri və bu çərçivədə ölkələr tərəfindən tətbiq olunan karantin tədbirləri səbəbindən neftə olan tələbat keçən il tarixindəki ən aşağı səviyyəyə enmişdi. Neft bazarındakı qəfil artıq tədarük nəticəsində xam neft qiymətləri aşağı istiqamətli dəyişmişdi. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələrindən ibarət olan “OPEC+” koalisiyası keçən il neft bazarlarını tarazlaşdırmaq üçün tədarükü azaltmaq barədə qərar qəbul etdilər. Beləliklə gündəlik xam neft istehsalının iyul ayına kimi 9,7 milyon barel, iyuldan sonrakı dövrdə sutkada 7,7 milyon barel azaldılması qərarlaşdırıldı. Neft tələbatının tədarükdən geridə qalması fonunda neft qiymətləri ötən ilin aprelində son 21 ilin ən aşağı səviyyəsinə endi. 2020-ci ilin əvvəlində 66,58 dollar səviyyəsində olan “Brent” markalı xam neftin bir barelin qiyməti apreldə 17,51 dollaradək ucuzlaşdı. “Light” markalı xam neftin qiyməti isə ilk dəfə aprelin 20-də mənfi səviyyələrə düşdü. Dünyada ən çox istifadə edilən “Brent” neftinin orta qiyməti keçən il əvvəlki ilə nisbətən 32,7 faiz azalaraq 43,21 dollar/barelə endi və bu, şirkətlərin gəlirlərinə mənfi təsir etdi.
2021-ci il tələb-təklif balansının yenidən bərpasının başladığı bir dövrün başlanğıcı oldu
Dünyada virusa qarşı vaksinasiya prosesinin sürətlənməsi və yoluxma sayının azalması ilə Avropa ölkələri və ABŞ da daxil olmaqla bir çox bölgədə məhdudiyyətlər aradan qaldırılmağa başlandı. Qlobal iqtisadiyyatlar epidemiyanın mənfi təsirlərindən qurtulmağa başladıqca, neft tələbatı da bərpa prosesinə qədəm qoydu.
“OPEC+” ölkələrinin intizamlı tədarük siyasətinin təsiri ilə neft qiymətlərinin epidemiya əvvəlki səviyyələrə qayıtması neft şirkətlərinin balans hesabatlarına da müsbət təsir göstərdi. Şirkətlərin səhmləri və bazar dəyərləri ilə bağlı məlumatlara görə, “ExxonMobil”, “Chevron”, “Total”, “Royal Dutch Shell”, BP, “Eni”, “Equinor”, “LUKoil”, “Rosneft” və “Saudi Aramco” kimi neft nəhənglərinin ümumi mənffəti bu ilin ilk rübündə 46,5 milyard dollar olub.
BP mənfəətini ən çox artıran Avropa şirkətidir
Bu dövrdə BP qazancını ən çox artıran şirkət olub. Keçən ilin ilk rübündə 4,4 milyard dollar zərər etdiyini açıqlayan şirkət bu ilin eyni dövründə təxminən 4,7 milyard dollar mənfəət əldə edib.
Keçən ilin yanvar-mart aylarında 6,3 milyard dollar zərər etdiyini bildirən Rusiyanın “LUKoil” neft şirkəti isə cari ilin ilk rübündə 2,1 milyard dollar qazanıb.
Bu ilin birinci rübündə “Saudi Aramco” 21,7 milyard dollar, “ExxonMobil” 2,7 milyard dollar, “Shell” 5,7 milyard dollar, “Chevron” 1,4 milyard dollar, “Rosneft” 2 milyard dollar, “Eni” 1 milyard dollar, “Equinor” 1,8 milyard dollar və “Total” 3,3 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb.
Keçən ilin eyni dövründə “ExxonMobil”, “Total”, “Royal Dutch Shell”, BP, “Eni”, “Equinor”, “LUKoil” və “Rosneft” ümumilikdə 17,7 milyard dollar zərər etdiklərini açıqlayıb, lakin “Saudi Aramco” və “Chevron” 20,3 milyard dollar xalis mənfəət əldə edib.
“Shell” və “Rosneft” gəlirləri azalıb
Cari ilin birinci rübündə neft nəhənglərinin ümumi gəliri əvvəlki ilin eyni dövrünə görə 24 milyard dollar (6,6 faiz) artaraq təxminən 387 milyard dollar təşkil edib. Bu dövrdə “Rosneft” və “Shell” gəlirləri azalan şirkətlər olub, gəlirlərini ən çox artıran şirkət isə “Aramco”dur. Şirkət ilk rübdəki gəliri keçən ilin eyni dövrünə nisbətən 19,9 faiz artaraq təxminən 80 milyard dollar olub. “Aramco”nu gəliri əvvəlki ilin eyni rübü ilə müqayisədə 18,2 faiz artıraraq 36,4 milyard dollara yüksəldən BP izləyib.
“Shell”in ilk rübrəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq təxminən 55,6 milyard dollar təşkil edib. “Rosneft” isə ilk 3 ayda təxminən 23,6 milyard dollar gəlir əldə edib, lakin bu göstərici şirkətin keçən ilin eyni dövründəki gəlirindən 1,19 daiz azdır.
Qlobal neft tələbatı bu il gündəlik 5,4 milyon barel artacaq
Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına diar aylıq hesabatına görə, qlobal neft tələbatı gələn ilin sonunda koronavirusdan əvvəlki səviyyəyə qayıdacaq və bu ilə nisbətən sutkada 3,1 milyon barel artacaq.
Gələn il üçün proqnozlaşdırılan artımın 1,3 milyon bareli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində, 1,8 milyon bareli isə OECD-yə üzv olmayan ölkələrdə formalaşacaq. Sözügedən dövrdə uçuşların bərpası ilə tələbatda ən böyük artım gündəlik 1,5 milyon barel ilə təyyarə yanacağı və kerosində, sutkalıq 660 min barellə benzində və 520 min barellə dizel yanacağında qeydə alınacaq.
Dünyanın 3-cü ən böyük neft istehlakçısı olan Hindistanda COVID-19-a yoluxma sayındakı azalma və OECD ölkələrində istehlakçıların avtonəqliyyat və aviareysləri artırması fonunda cari ildə qlobal neft tələbi daha sabitdir. Bu çərçivədə iyun ayında neft tələbatının əvvəlki aya görə gündəlik 2,5 milyon barel və ötən ilin eyni ayına nisbətən isə sutkada 7,4 milyon barel artacağı gözlənilir.
2021-ci ildə qlobal neft tələbatı əvvəlki ilə görə 5,4 milyon barel (6 faiz) artaraq gündəlik 96 milyon 400 min barel olacaq. İl ərzində sutkalıq tələbatın 35 milyon 700 min bareli Asiya-Sakit Okean bölgəsində, 30 milyon 300 min bareli Amerika qitəsində, 13 milyon 700 min bareli isə Avropada formalaşacaq.
Hesabata görə, may ayında qlobal neft təklifi aprellə müqayisədə orta hesabla 970 min barel artaraq gündəlik 94 milyon 280 min barel təşkil edib. OPEC-in xam neft hasilatı mayda əvvəlki ayla müqayisədə 370 min barel artaraq sutkada 25 milyon 430 min barel olub. Ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan gündəlik hasilat isə 5 milyon 340 min barel təşkil edib. Bununla da, mayda OPEC-in sutkalıq istehsalı ümumilikdə 30 milyon 770 min barelə yüksəlib.
Keçən ay OPEC-ə üzv olmayan ölkələrin neft istehsalı aprel ayına nisbətən 510 min barel çoxalaraq sutkada 63 milyon 510 min barel olub.(Azərtac)