Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin Statistik Təhlil İdarəsinin rəisi Li Kuyven 2021-ci ildə Çinin xarici ticarət dövriyyəsinin 30,3% artaraq rekord səbiyyəyə- 6,05 trilyon dollara çatdığını bildirib.
FED.az xəbər verir ki, Li Kuyven “2021-ci ildə ölkəmizin xarici ticarətinin həcmi 6,05 trilyon dollar təşkil edərək yeni tarixi səviyyəyə çatıb”, - mətbuat konfransında deyib.
Rəsmi vurğulayıb ki, pandemiya kontekstində Çin bu göstərici üzrə bütün ölkələr arasında liderliyini davam etdirir.
"Bundan başqa, Çinin xarici ticarəti intensiv və davamlı inkişaf edir", - Li Kuyven deyib.
Məlumatlara əsasən, 2021-ci il ərzində ölkənin ixracı 29,9% artaraq 3,36 trilyon dollara çatıb. İdxal isə 30,1% artaraq 2,69 trilyon dollar təşkil edib. Beləliklə, ötən ilin 12 ayı ərzində Çinin müsbət saldosu təxminən 25% artımla 670 milyard dolları keçib. Dekabrda Çinin ticarət həcmi noyabrla müqayisədə 1,2% azalaraq 586,53 milyard dollar təşkil edib.
Çinin ticarət dövriyyəsinin dinamikası Çin hökumətinin gözləntiləri ilə üst-üstə düşüb. Dekabrda ölkənin ticarət nazirinin müavini Ren Honqbin 2021-ci ildə Çinin xarici ticarətinin 6 trilyon dollara qədər artacağına dair proqnozunu açıqlamışdı. Onun fikrincə, yaxın aylarda beynəlxalq bazarda vəziyyət çətin olacaq.
2019-cu ildə Çinin ticarət dövriyyəsi 1% azalaraq 4,57 trilyon dollar, 2020-ci ildə isə 1,5% artaraq 4,64 trilyon dollar təşkil etmişdi. (Marja)